Türkiyənin “qol kralı” “Neftçi”yə təklif olunub
26.12.2008 - 17:31
Türkiyənin “qol kralı” “Neftçi”yə təklif olunub
“Neftçi”nin Türkiyədə tanınan futbolçu almaq istəyini bizə çatdırıblar. İstanbulda komandanızla əlaqəsi olan Bayram adlı bir iş adamı var. O, yaxşı hücumçunun transferinə görə çəkilən xərci ödəyəcəklərini bildirib”. Bunu apasport.az saytına açıqlamasında türkiyəli futbol agenti Hamit Yüksəl deyib.

Onun sözlərinə görə, “Fənərbaxça”nın heyətində oynamış Zəfər Biryolla Murat Hacıoğlunun karyeralarını Azərbaycanda davam etdirmələri realdır: “Hələlik hücumçu axtaran “Neftçi” rəhbərliyi ilə konkret danışığımız olmayıb. Sadəcə, Bayramla bu barədə söhbət zamanı Zəfərlə Muratı təklif etdik. Vaxtilə ölkəmizə “qol kralı” olan Zəfər Azərbaycanda oynamaq istəyir. Bunun üçün əvvəlcə onun çıxış etdiyi “Mersin İdman Yurdu” ilə transferi həll etmək hazırdır. Muratın isə hazırda “Kocaelispor”la problemi var. Belə ki, futbolçu klubdan borcunu ala bilmədiyi üçün Türkiyə Futbol Federasiyasına şikayət edib. O, müqaviləni pozub, başqa kluba keçmək istəyir”.

Rizə şəhərində anadan olan Zəfərin 32, Muratın 29 yaşı var. “Beşiktaş”ın yetirməsi olan Biryol peşəkar karyerasına indiki klubunda başlayıb. “Mersin İdman Yurdu” (1994-96) ilə yanaşı, “Ədirnəspor” (1996-99), “Şəkərspor” (1999-2001), “Göztəpə” (2001-2003), “Konyaspor” (2003-05), “Fənərbaxça” (2005-06), “Bursaspor” (2006-07) və “Çaykur Rizəspor” (2007-08) klublarında çıxış edib. 2004/05 mövsümündə “Konyaspor”un heyətində Türkiyə Superliqasının bombardiri olandan sonra “Fənərbaxça”ya transfer edilib. Amma burada möhkəmlənə bilməyib. 2-3 oyunda meydana çıxan Biryol məşqdə aldığı ağır zədəyə görə üç ay yarım oynamayıb. “Səssiz kral” ləqəbini alan və milli komandada 5 oyuna 1 qol vuran hücumçu bu ildən Türkiyənin birinci liqasında çıxış edir.

Zəfərdən fərqli, cari mövsümdə Superliqa iştirakçısı olan Murat “Şəkərspor” (1998-2001), “Bursaspor” (2001-02), “Diyarbəkirspor” (2002-2004), “Fənərbaxça” (2004-05, 2006-07), “Konyaspor”da (2005-06) forma geyinib. “Fənər”in heyətində 24 oyunda 7 qol vuran Hacıoğlu “Koynyaspor”a bir mövsüm icarəyə verildikdən sonra geri dönüb. Murat Zəfərdən fərqli, həm “Fənərbaxça” ilə çempion olub, həm də avrokuboklarda qol vurub. Türkiyənin əsas yığmasının formasında 4 oyunda forma geyən Muratın yarımmüdafiənin sol cinahında da çıxış edə bilməsi “Neftçi”nin maraqlarına uyğun gəlir. Belə ki, flaqman hücumçu ilə yanaşı, bu mövqeyə də futbolçu axtarır.
0