Vadim Vasilyevi “Xəzər-Lənkəran”ın baş məşqçisi etdilər
26.12.2008 - 18:39
Vadim Vasilyevi “Xəzər-Lənkəran”ın baş məşqçisi etdilər
Bolqarıstan mətbuatı həmyerliləri Radomir Todorov və Kostadin Cambazovun Azərbaycan karyerasını diqqətlə izləyir. Apasport.az saytının məlumatına görə, həmkarlarımız hər iki müdafiəçinin çıxış etdiyi “Xəzər-Lənkəran” klubunda baş verənlərə də biganə qalmayıb. Amma onların məlumatı başdan-ayağa səhvdir: “Azərbaycanın “Xəzər-Lənkəran” klubu ölkə çempionatının payız hissəsinin ardından baş məşqçisini dəyişib. Təxminən bir il əvvəl “Birlik kuboku” turnirində komandasına titul qazandıran Ağasəlim Mircavadov istefaya göndərilib. Kostadin Cambazov və Radomir Todorovun oynadığı komanda birinci dövrədən sonra dördüncü pillədə qərarlaşıb. Klubun baş məşqçi postuna isə komandanın və Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyev təyin olunub. Onun köməkçiləri isə Samir Ələkbərov və Hafiz Əliyev olacaq”.

Qeyd edək ki, əslində bir ay əvvəl baş məşqçi postundan istefa verən Mircavadov yox, Rasim Kara olub. Mircavadov isə “Xəzər-Lənkəran”la yollarını yayda UEFA kubokunda Polşanın “Lex” klubuna səfərdə məğlub olduğu matçdan dərhal sonra ayırıb. Elə komandanın birinci dövrədəki dördüncü yeri də Karanın dövründə qazanılıb. Vasilyev isə türkiyəlinin xələfi deyil, yeni baş məşqçinin köməkçisidir. Həm də Vadim heç vaxt Lənkəran təmsilçisində çıxış etməyib. Yeni çalışdırıcı İqor Ponomaryovdan isə bolqarların xəbəri də yoxdur. Üstəlik, həmkarlarımız yazıda adı olmayan Rasim Karanın şəklini qoyub.

Mənbə: http://sportal.bg/news.php?id=149425
0