“Şaxtyor”un yeni baş məşqçisi Qazzayev olacaq
27.12.2008 - 11:04
“Şaxtyor”un yeni baş məşqçisi Qazzayev olacaq
Dekabrın əvvəlində Moskva MOİK-dən istefa verən Valeri Qazzayev məşqçilik karyerasını Ukraynada davam etdirəcək. Apasport.az saytının məlumatına görə, təcrübəli rusiyalı mütəxəssis Donetskin “Şaxtyor” klubun baş məşqçi postunda çalışacaq. İstirahəti gələn ilin iyuluna qədər davam edəcək Qazzayev Ukraynada mövsüm bitəndən sonra yeni komandasının sükanı arxasına keçəcək. Bu müddətdə Ukrayna çempionatı ilə yaxından tanış olmaq imkanı qazanan məşqçi müqaviləni yaxın zamanda imzalayacaq. Belə ki, “Şaxtyor” Qazzayev və onun köməkçiləri - Nikolay Latış, Vladimir Şevçuk və Aleksandr Stelmaxla qış fasiləsində rəsmən anlaşacaq. Klubun prezidenti Rinat Axmetov belə təcrübəli mütəxəssislə əməkdaşlıq edəcəyinə zəmanət verib. Hazırkı baş məşqçi Mirça Luçeskudan narazı olan Axmetov onunla yollarını ayırmaq üçün mövsümün bitməsini gözləyir. Bununla bağlı prezident və baş məşqçi arasında centlmen razılıq əldə olunub. Qazzayev isə yeni komandası ilə tanış olmaq üçün İspaniyada olub. Belə ki, o, “Şaxtyor”un Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində dekabrın 9-da “Barselona” klubunu səfərdə 3:2 hesabı ilə məğlub etdiyi oyunu “Nou Kamp” stadionunda izləyib.

Qeyd edək ki, Qazzayev MOİK ilə yanaşı, “Alaniya”nın çalışdırıcısı kimi də Rusiya çempionluğunu qazanıb.
0