Türkiyədə ən bahalı qollar
28.12.2008 - 20:40
Türkiyədə ən bahalı qollar
Türkiyə Superliqasının 2008/09 mövsümünün cari ildə nəzərdə tutulan oyunları başa çatdıqdan sonra aparılan hesablamalar nəticəsində çempionatda bir qolun maddi dəyəri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, hesablamalar zamanı futbolçuların 2008-ci ilin ikinci yarısında qazandıqları pulun məbləği onların vurduqları qolların sayına bölünüb.

Beləliklə, Türkiyə çempionatında ən bahalı qolun müəllifi “Fənərbaxça”lı Daniel Quizadır. İspaniyalı hücumçu “sarı-lacivərdlilər”lə illik 3,5 milyon avroya bərabər olan müqavilə bağlayıb. O, arxada qalan yarım ildə 1,75 milyon avro qazanıb. Bunun müqabilində Quiza 4-ü Superliqada, 3-ü isə Çempionlar Liqasında olmaqla, cəmi 7 qola imza atıb. Orta hesabla onun vurduğu 1 qolun dəyəri 250 min avrodur.

“Qalatasaray”ın ən bahalı qolçusu isə Milan Baroşdur. Hazırda 14 qolla Türkiyə çempionatının bombardiri sayılan Baroş “Cim Bom”un heyətində avrokuboklarda da 4 dəfə rəqib qapısına yol tapıb. Nəzərə alsaq ki, çexiyalı futbolçu 6 aya 1 milyon avro əldə edir, onda 1 qol 56 min avroya düşər (1 000 000 avro/18).

Braziliyalı Mert Nobre “Beşiktaş”ın aparıcı üzvlərindən sayılır. Superliqada 7, UEFA kubokunda isə 2 dəfə fərqlənmiş futbolçuya ilk dövrədə 550 min avro verilib. Deməli, onun hər qolu 61 min avro dəyərindədir.

“Dörd nəhəng”lərdən yalnız “Trabzonspor”da ən bahalı qolun müəllifi türkdür. Bu, illik müqaviləsi 1,2 milyon avro olan Gökhan Ünaldır. Yarım ildə 600 min avro qazanan istedadlı hücumçu 7 dəfə qol sevinci yaşayıb. 1 qol “Trabzonspor”a təxminən 85 min avroya başa gəlib.
0