Çempionlar Liqasının qalibi “Bakı”nın transfer siyahısında!
29.12.2008 - 18:11
Çempionlar Liqasının qalibi “Bakı”nın transfer siyahısında!
UEFA Çempionlar Liqasının qalibi olan futbolçu karyerasını Azərbaycanda davam etdirə bilər. Komandanın vitse-prezidenti Zeynal Məmmədov apasport.az saytına açıqlamasında bildirib ki, rusiyalı Vladimir Butla maraqlanırlar. Yarımmüdafiəçi axtarışında olan paytaxt komandasına 31 yaşlı oyunçu təklif olunub: “Transfer siyahımızda olan çoxsaylı futbolçulardan biri də Vladimir Butdur. Novorossiyskin “Çernomorets” klubunda oynayan bu futbolçu karyerasının böyük hissəsini Almaniyada keçirib. Bundesliqada 147 matçda, 15 qol vurub”.

Karyerasına hazırkı komandasında başlayan Vladimir 1992-1994-cü illərdə “Çernomorets”də (40 oyun, 5 qol) yığmamızın sabiq yarımmüdafiəçisi Lev Mayorovla bir yerdə oynayıb. Sonradan Almaniyaya yollanan But 10 ilə yaxın orada çıxış edib. Belə ki, “Borussiya” (Dortmund, 1996-2000, 76 oyun, 8 qol), “Frayburq” (2000-2004, 67 oyun, 7 qol), “Hannover-96” (2004/05, 4 oyun) klublarında çıxış edən orta sahə oyunçusu Rusiya “Şinnik”ində (2005, 7 oyun) də forma geyinib.

Vaxtilə Rusiyanın ən istedadlı futbolçusu sayılan But 1997-ci ildə 20 yaşında UEFA Çempionlar Liqasının qalibi olub. Finalda “Yuventus” məğlub etdikləri (3:1) həmin mövsümdə qrup mərhələsinin 2 oyununda meydana çıxan Vladimir “Borussiya”da Ottmar Hitsfeld, Nevio Skala, hazırda “Qalatasaray”ı çalışdıran Mikael Skibbenin rəhbərliyi altında oynayıb. Hitsfeld onu “Brilyant”, Skala indiyədək gördüyü, Skibbe isə Avropanın ən istedadlı futbolçusu adlandırıb.

But Rusiya yığmasında 1999-2000-ci illərdə 4 oyun keçirib.
0