Zeynal Məmmədov: Tümərin transferi üçün bu qədər pul xərcləmək fikrimiz yoxdur
29.12.2008 - 20:00
Zeynal Məmmədov: Tümərin transferi üçün bu qədər pul xərcləmək fikrimiz yoxdur
“Tümər Mətinin transferi ilə bağlı son qərarımızı hələ verməmişik. Vitse-prezidentimiz Tunc Afşar Türkiyədə danışıqları davam etdirir. Ola bilsin ki, məsələ yeni ildən sonraya qaldı”. Bunu apasport.az saytına açıqlamasında “Bakı” klubunun vitse-prezidenti Zeynal Məmmədov deyib.

Onun sözlərinə görə, komandanın baş məşqçisi Qyoko Hacıyevski Tümərin transferini müsbət qarşılayır: “Hər halda, Hacıyevski Tümərin “Beşiktaş”, “Fənərbaxça” kimi klublarda çıxış etdiyini, Türkiyə milli komandasının heyətində Avropa çempionatının bürünc medalçısı olduğunu yaxşı bilir. Baş məşqçimiz də belə bir təcrübəli futbolçunun bizə xeyir verəcəyini düşünür. Sadəcə, əsas məsələ Tümərin müqavilə şərtləri, maliyyə məsələlərində razılığa gəlməsidir. Onun transfer məbləği ilə bağlı milyon dollarla rəqəm səslənir. Hazırda bu qədər xərcə düşmək fikrimiz yoxdur. Çempionlar Liqasının qrup mərhələsində oynayan komanda deyilik ki, bir futbolçuya görə bu qədər pul ödəyək”.

Maraq dairələrinə düşən digər futbolçulara toxunan Məmmədovun sözlərinə görə, onlara çoxlu yeni oyunçular təklif edilib: “27 yaşlı Kresimir Kordiç Bosniya və Herseqovinada anadan olan xorvat futbolçudur. 1,91 metr boya malik bu hücumçu vaxtilə Xorvatiya, hazırda Bosniyada çıxış edir. Hazırda bu ölkənin “Jrinski” klubunda oynayır və cari mövsümdə 15 oyunda 7 qol vurub. Digər hücumçu Madu Jaqne isə Qambiya milli komandasında 4 oyun keçirib. 1,88 metr boyu olan bu afrikalı futbolçu Madur 2006-cı ildən şərəfini qoruduğu Avstriyanın yüksək təmsilçisi “Altaxt” klubunda 76 oyunda 10 qol vurub. Bolqarıstan U-21-də çıxış edən Vladislav Mirçev bizə də təklif olunub. Ancaq yalnız onun klubuna transferə görə 100 min dollar ödəmək lazımdır”.

Vitse-prezidenti yeni transferlərlə bağlı baş məşqçi ilə bağlı fikir mübadiləsi aparmağın vacibliyini söyləyib. Məmmədovun sözlərinə görə, Hacievski yanvarın 7-də vətənindən qayıdan zamanı məsələ müzakirə ediləcək: “Baş məşqçimiz 40 futbolçu ilə məşq etmək istəmir. Yəni, düşərgədə bu qədər oyunçunun olması məqsədəuyğun deyil. Hazırda bizə iki mövqeyə - hücuma və orta sahəyə oyunçu lazımdır. Sol cinah yarımmüdafiəçisinə ehtiyacımız var. İnandığımız şəxslər bizə futbolçu təklif edəndə, onu birbaşa transfer etməyimiz mümkündür. Ancaq qalanları üçün baxışa gəlmək nəzərdə tutulub. Hələ ki yalnız Nigeriya çempionatının bombardiri İbrahim Bakaliyə baxışa gələn dəvət göndərmişik. Bahalı futbolçuları icarəyə götürməyimiz nəzərdən tutulub”.
0