İsgəndər Cavadov ortaq məxrəc tapıb
29.12.2008 - 19:29
İsgəndər Cavadov ortaq məxrəc tapıb
Regional Futbol Federasiyalarının prezidenti İsgəndər Cavadovun müsahibəsi

- Bildiyimizə görə, son vaxtlar müxtəlif bölgələrdə işgüzar səfərlərdə olmusunuz. Əvvəlcə bu barədə məlumat verməyinizi xahiş edirik…
- Bilirsiniz ki, bu istiqamətdə işlər görürük. Ölkəmizdə futbolun inkişafını istəyiriksə, mütləq əyalətlərdə bu idman növünün səviyyəsi qalxmalıdır. Azərbaycan futbolunun bir çox aparıcı simaları rayonlardan çıxıb. Üstəlik, bölgələrdə uşaq futbolu inkişaf etməyə başlasa, bu, gələcək üçün böyük zəmin yaratmış olar. Biz də bu səfərimiz zamanı bölgələrdəki vəziyyəti öyrənmək niyyəti güdürdük. Problemi aradan qaldırmaq üçün gərək hərtərəfli təsəvvür olsun. Əyalətlərə səfər zamanı problemləri görə bildik. İndi çətinlikləri aradan qaldırmaq üçün işə başlamaq lazımdır. Bizi qarşıda gərgin və məsuliyyətli iş gözləyir.

- Əsasən hansı bölgələrdə olmusunuz?
- Demək olar ki, bir çox regionlara səfər etmişik. Bu bölgələrdə olan vəziyyətlə tanış olduq. Açığını desəm, gördüklərim ürəyimcə olmadı. Çox çətin vəziyyətdəyik. Düzdür, işin lap aşağı səviyyədə olduğunu da demək olmaz. Ancaq inkişaf etmək və gələcəkdə uğur qazanmaq üçün böyük işlər görülməlidir. Gecikmək olmaz və gərək ən qısa müddətdə işə başlayaq.

- Kimlərlə görüşlər keçirmisiniz?
- Son bir həftə bizim üçün olduqca məhsuldar alındı. Şimal, Qərb, Mərkəz, Cənub və Şimal-Qərb Regional Futbol Federasiyalarının rəhbərləri ilə görüşlər keçirdik. Onların hər biri ilə görüş zamanı problemlərlə maraqlandıq. Görülən işləri və gələcək planları müzakirə etdik. Əlbəttə ki, bu görüşlər zamanı əyalətlərdəki vəziyyət barədə təsəvvürümüz daha da genişləndi. Lakin görüşlərimiz təkcə bununla bitmədi. Səfərlər zamanı icra hakimiyyətlərinin nümayəndələri ilə, veteran futbolçularla, məşqçilərlə də görüşdük. İstəyimiz yerlərdəki vəziyyəti öyrənməklə yanaşı, birgə səylərlə əyalətlərdə futbolu inkişaf etdirməkdir. Düşünürəm ki, biz onlarla ortaq məxrəcə gələ bildik.

- Bölgələrdəki vəziyyət vəziyyət sizi qane etdimi?
- Təəssüf ki, yox. Əyalətlərdə vəziyyət heç də yaxşı deyil. Yuxarıda qeyd etdiyim kimi, çox işlər görülməlidir. Düzdür, Cənub bölgəsində şərait pis deyil. Amma gərək hərtərəfli iş görülsün. Stadion, məşq bazası, topla bağlı problemlər var. Bu çətinliklərin aradan qaldırılması üçün klub rəhbərləri də bizə kömək etməlidirlər. İmkanlı klublarımız yardım etsələr, inkişaf prosesi sürətlənər. Onsuz da biz özümüzdən asılı olan bütün işləri görəcəyik. Lakin əlavə kömək ümumi işə yalnız müsbət təsir edərdi.

- Əyalətlərdəki infrastrukturun vəziyyəti necədir?
- İnfrastuktur,demək olar ki, yoxdur. Cüzi şeyləri nəzərə almasaq, görüləsi o qədər iş var ki... Bilirsiniz, futbolu inkişaf etdirmək üçün işə kompleks yanaşmaq lazımdır. İnfrastruktur yaxşı olmadıqca, inkişaf etmək mümkün deyil. Düzdür, ümidsizliyə qapılmırıq. Bu, heç lazım da deyil. Ancaq çətinliklərin həll edilməsi üçün gərək çox iş görək.

- Ümumiyyətlə, sizə tabe olan Regional Futbol Federasiyalarının işini necə dəyərləndirirsiniz?
- Bakı Regional Futbol Federasiyasının işini çox müsbət qiymətləndirirəm. Cənub Regional Futbol Federasiyasının işi barədə də yaxşı fikirdəyəm. Şimal Regional Futbol Federasiyasının gördükləri iş də pis deyil. Ancaq bütün bu federasiyalarda çox işlər görülməlidir. Bundan başqa, istəyirik ki, Gəncədə də analoji federasiya işə başlasın. Ümumiyyətlə, digər bölgələrin də inkişaf etməsi üçün işlər görülməlidir.

- İcra hakimiyyətlərinin nümayəndələri ilə görüşlər zamanı hansı məsələlər müzakirə edildi?
- Biz onlarla bir çox mövzuda diskussiyalar apardıq. Ümumi müzakirələrin yekunu da bu oldu ki, əgər maddi cəhətdən şərait yaradılsa, futbolu inkişaf etdirmək mümkündür. Əlbəttə, bu birdən-birə olmayacaq. Ancaq zaman keçdikcə bu işlərin bəhrəsini Azərbaycan futbolu görəcək. İstəyirik ki, gələcəkdə də əyalətlərdən çox sayda futbolçu çıxsın və nəticədə ölkə futbolu daha da inkişaf etsin.

- Ümumiyyətlə, yola saldığımız ili özünüz üçün necə dəyərləndirirsiniz?
- Bilirsiniz ki, biz işə təzə başlamışıq. Lakin əlimizdən gələni edirik ki, əyalətlərdə futbol inkişaf etsin. Bu sahədə çox görüşlər keçirmişik. Lakin bu, hələ son deyil. Yanvarın ortalarında Naxçıvana yola düşəcəyik. AFFA rəhbərliyi tərəfindən bizə hər cür qayğı göstərilir. Bu qayğı isə öz bəhrəsini tezliklə göstərəcək.

- Qarşıdakı planlarınız necədir?
- Futbolumuzu inkişaf etdirmək. Uşaq futbolunu daha da yüksəyə qaldırmaq. Niyyətimiz budur. İnanıram ki, Azərbaycan futbolunun inkişafına öz töhfəmizi verəcəyik.

affa.az
0