Agron Memedi “Olimpik”lə razılaşmadı
30.12.2008 - 11:37
Agron Memedi “Olimpik”lə razılaşmadı
Makedoniyanın “Renova” klubunun futbolçusu Agron Memedi karyerasını Azərbaycanda davam etdirməkdən boyun qaçırıb. Apasport.az saytının məlumatına görə, Bakı “Olimpik”i ilə danışıqlar aparan 28 yaşlı makedoniyalı müdafiəçi vətənində qalmağa üstünlük verib.

“Renova”da Ağdamın “Qarabağ” klubunun yarımmüdafiəçisi Artim Şakiri ilə komanda yoldaşı olan arxa xətt oyunçusu “Olimpik”in şərtlərinin vətənindəkindən o qədər də fərqlənmədiyini bildirib: “Mən Azərbaycana getmək istəmirəm. Hər iki klubun təklif etdiyi şərtlər eynidirsə, burada “Renova”da qalmağım məqsədəuyğundur. Hələ qarşıdakı danışıqlarda daha yaxşı şərtlərə də nail ola bilərəm. Buna görə də, “Olimpik”lə anlaşmaqdan imtina etdim. Bizim çox güclü komandamız var ki, Avropada da uğur qazanmaq iddiasındayıq. Belə bir komandada özümü əla hiss edirəmsə, niyə vətəni tərk etməliyəm? Mənim hələ iki illik müqaviləm var ki, yalnız tərəflər arasında razılıq əsasında komandanı tərk edə bilərəm”.

Qeyd edək ki, bir müddət əvvəl daha bir makedoniyalı, “Renova”nın digər oyunçusu Vulnet Emini də “Olimpik”lə ortaq məxrəcə gələ bilməmişdi.
0