“İnter”ə təklif olunan qapıçı ayda 12 min avro qazanır
30.12.2008 - 13:06
“İnter”ə təklif olunan qapıçı ayda 12 min avro qazanır
Bolqarıstanın “Levski” klubunun prezidenti Todor Batkov milli komandanın sabiq qapıçısı Georgi Petkovu satmaq qərarının qəti olduğunu bildirib. Apasport.az saytının məlumatına görə, maliyyə problemləri ilə üzləşən sofiyalılar futbolçunun müştəriləri arasında seçim etməli olacaq.

Adı Azərbaycan çempionu “İnter”lə yanaşı hallanan Petkovu heyətinə qatmaq istəyən komandaların sayı isə 10-a çatıb. Batkovun sözlərinə görə, qapıçı İngiltərənin aşağı dəstəsinin iki komandasının, həmçinin Almaniya, Azərbaycan, Rusiya və Ukrayna klublarının hədəfindədir. Klub prezidenti qapıçının satışa çıxarılmasına səbəb kimi, əmək haqqının yüksək olmasını göstərib. Belə ki, “Levski” ayda 12 min avro ödədiyi Petkovu saxlamağa çətinlik çəkir.

Qeyd edək ki, bir neçə gün əvvəl Bolqarıstanın ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün keçirilən sorğunun nəticələrində Georgi fərqlənə bilmişdi. Belə ki, yalnız “Mançester Yunayted”li Dimitar Berbatovdan geri qalan qapıçı ölkəsində 2008-ci il üçün ikinci olmuşdu.
0