Rəşad Sadıqov “Neftçi” ilə əlaqələrini kəsib
30.12.2008 - 14:41
Rəşad Sadıqov “Neftçi” ilə əlaqələrini kəsib
Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov uzun müddət çıxış etdiyi “Neftçi” klubu ilə əlaqələrini kəsib. Apasport.az saytının məlumatına görə, futbolçu xeyli vaxtdır şərəfini qoruduğu komandaya getmir.

“Son vaxtlar “Neftçi”nin düşərgəsinə getmirəm. Sonuncu dəfə bu klubun bazasına İspaniyaya - “Valyadolid”ə baxışa yola düşməzdən əvvəl getmişdim”, - deyə Sadıqov bildirib.

Sadıqov əlavə edib ki, “Neftçi”nin iki futbolçusunun – Rəşad Sadiqovla Elnur Allahverdiyevin “Qarabağ”la transfer danışıqlarına başlamasını müsbət qarşılayır: “Mən bu futbolçuları başa düşürəm. Onların “Qarabağ”ı seçməsində baş məşqçi Qurban Qurbanovun böyük rolu olub”.

Özü barədə də danışan Sadıqov bildirib ki, hazırda bir neçə klubla danışıqlar davam etdirilir: “Yaxın günlərdə karyeramı davam etdirəcəyim klubun adı məlum olacaq. Hazırda danışıqlar davam etdiyindən, bu barədə ətraflı danışmaq istəmirəm”.

trend.az
0