Azərbaycan çempionu İordaniya yığması ilə qarşılaşacaq
30.12.2008 - 14:58
Azərbaycan çempionu İordaniya yığması ilə qarşılaşacaq
Bakının “İnter” klubunun “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirinə Türkiyədəki hazırlıq çərçivəsində keçirəcəyi yoxlama oyununda rəqibləri müəyyənləşib. Komandanın baş məşqçisi Valentin Xodukinin apasport.az saytına verdiyi məlumata görə, Hollandiya, Türkiyə və Rusiya təmsilçiləri ilə yanaşı, İordaniya yığması ilə də qüvvələrini sınayacaqlar: “Həmin vaxt Türkiyəyə hazırlığa gələcək bu ölkənin əsas yığması bizimlə qüvvəsini sınamaq istəyib. Belə ki, iordaniyalılar onlara təklif edilən rəqiblər arasında “İnter”i seçib. Təbii ki, biz də bunu müsbət cavabladıq. Yanvarın 7-də oynamağa razılıqlarını verən iordaniyalılar bunu yazılı şəkildə etməlidirlər və həmin məktubu gözləyirik. Digər rəqiblər isə bununla bağlı protokolları göndəriblər”.

Moskvaya yollanana qədər 4 yoxlama oyunu keçirməyi planlaşdıran son Azərbaycan çempionunun çalışdırıcısı ilk rəqibin zəif olmasını istəyib: “Qərara alındı ki, yanvarın 5-də Hollandiyanın birinci divizionunda çıxış edən “Omniuorld” ilə qüvvəmizi sınayaq. Bu komandaya qarşı hər hissədə bir heyət çıxaracağıq. Əgər hollandların əvəzedici heyəti olarsa, bir gündə iki dəfə qarşılaşmaq mümkündür. Yanvarın 9-da Türkiyənin Superliqa təmsilçisi ilə görüşəcəyik. Antalyaya bu ölkənin 18 komandası təlim-məşq toplanışına gələcək. Superliqanın hansı komandası bizi seçəcəksə, onunla da oynayacağıq. Nəhayət, yanvarın 13-də Rusiyanın Premyer Liqasında çıxış edən “Tom” klubu ilə görüşəcəyik”.

Qeyd edək ki, Azərbaycan milli komandası indiyədək İordaniya yığması ilə bir dəfə qarşılaşıb. 2004-cü ilin avqustunda səfərdə keçirilən həmin yoldaşlıq görüşündə milli komandamızı braziliyalı mütəxəssis, dünya çempionu Karlos Alberto Torres çalışdırıb. 1:1 hesabı ilə nəticələn həmin oyunda komandamızdan yeganə qolu vaxtilə elə “İnter”də çıxış etmiş Anatoli Ponomaryov vurub.
0