Vladimir But: “Neftçi”yə keçidimi istəmədilər - MÜSAHİBƏ
30.12.2008 - 17:49
Vladimir But: “Neftçi”yə keçidimi istəmədilər -  MÜSAHİBƏ
Almaniyanın “Borussiya” klubunun heyətində Çempionlar Liqasının qalibi olan Vladimir Butun apasport.az saytına eksklüziv müsahibəsi

- Bildiyimizə görə, Novorossiyskin “Çernomorets” klubu ilə müqaviləniz bitdiyindən bu komandadan ayrılmısınız...
- Bəli. Hazırda istirahətdəyəm. Ailəmlə birgə Fransa paytaxtında əylənirəm.

- Azərbaycandan sizə təklif gəlibmi?
- Hə, olub.

- Bildiyimizə görə, “Bakı” klubunun maraq dairəsinə düşmüsünüz.
- Bu komanda ilə konkret danışığım olmayıb.

- Bəs hansı klubdan təklif almısınız?
- Həmin komandanın baş məşqçisi almaniyalı, köməkçisi isə hollandiyalıdır. Deyəsən, “Neftçi” klubu idi.

- Doğrudur. Həmin komandanın baş məşqçisi alman Hans-Yurgen Gede, köməkçisi isə holland Rob Reekersdir...
- Mənə Moskvadan menecer Maksim Alkovik zəng etmişdi. Soruşdu ki, bu komandaya getmək istəyirsənmi. Mən də cavabımda dedim ki, hələ bilmirəm, danışıb baxarıq. İki-üç gün keçəndən sonra həmin şəxs mənə dedi ki, baş məşqçi keçidimi istəməyib. Bununla da hər şey qurtardı.

- Bu, nə vaxt əvvəl olub?
- Təxminən bir ay öncə. Dediyim kimi, Maksimin sözlərinə görə, “Neftçi” rəhbərliyi keçidimi müzakirə edərək, razılığını verməyib. Bundan sonra mənə zəng olmayıb.

- Adınız “Bakı” klubunun transfer siyahısında yer alıb.
- Mən əslən Novorossiyskdənəm və Bakını yaxşı tanıyıram. Əgər məni istəsələr, bunu müzakirə etmək mümkündür. Ancaq hazırda heç bir klubunuzla danışığım olmayıb.

- 20 yaşında Çempionlar Liqasını qalibi olmusunuz. İndiyədək karyerasını Azərbaycanda davam etdirməyə qərar verən belə titullu futbolçu olmayıb. Tanınan futbolçu olan Vladimir But çempionluğa oynayan “Bakı”da çıxış etmək variantını real sayırmı?
- Hər şey danışıqlardan asılıdır. Azərbaycanda oynamaqla bağlı menecerlə əvvəllər söhbətim olub. Ancaq sonradan ara sakitləşdi və səs çıxmadı.

- Hazırda başqa variantlar var?
- Bir neçə variant var. Hazırda onları nəzərdən keçirirəm.

- Konkret hansı ölkələrdən?
- Avstriya və Səudiyyə Ərəbistanından.

- 10 il Almaniyada çıxış edərək, Bundesliqada 100-dən çox oyun keçirmisiniz. Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts, “Neftçi”ni çalışdıran Hans-Yurgen Gede ilə şəxsi tanışlığınız varmı?
- Yox. Foqtsun milli komandanıza rəhbərlik etməsindən xəbərdaram. Ancaq nə o, nə də Gede ilə Almaniyada yollarımız kəsişib.

- Vaxtilə çıxış etdiyiniz Rusiya və sizə yaxşı tanış olan Almaniya yığması Azərbaycan milli komandası ilə eyni qrupa düşüb. Bu haqda nə deyə bilərsiniz?
- Maraqlı mübarizə olacaq. Milli komandanızın oyununu görmədiyim üçün fikir yürütməyim çətindir.

- Vaxtilə Rusiya yığmasının sabiq oyunçularından olan Artyom Bezrodnı və Alan Kusov ölkəmizdə çıxış edir...
- Aydındır. Bəs “Bakı”nı kim çalışdırır?

- Makedoniya yığmasının sabiq baş məşqçisi Qyoko Hacıyevski. Vaxtilə “Alaniya”nın heyətində Rusiya çempionatının bombardiri olan gürcüstanlı hücumçu Georgi Demetradze də “Bakı”da oynayır.
- Hə, Demetradzeni tanıyıram. Əgər Georgi ölkənizdə oynayırsa, deməli, kiçik məbləğə gəlməyib.

- Azərbaycanda oynamaq ilk növbədə maddi amillərə görə diqqətinizi cəlb edir?
- Hazırda özümə yeni klub axtarıram. Azərbaycandan dəvət gəlsə, bunu müzakirə etməyim mümkündür. Hər halda, ölkəniz inkişaf etməkdədir, futbolunuza diqqət artırılır. Bilmək olarmı, “Bakı” və “Neftçi” turnir cədvəlində neçənci pillədə qərarlaşıblar?

- “Bakı” 2-ci, “Neftçi” 9-cu yerdədir. Deyəsən, daha çox “Neftçi”də oynamaq istəyirsiniz.
- Yox. Sadəcə, bu komandaların turnir cədvəlindəki mövqeləri ilə maraqlandım.

- Vaxtilə “Çernomorets”də bir yerdə oynadığın Lev Mayorov vaxtilə milli komandamızın formasını geyinib. O, sizə Azərbaycan haqda nəsə deyib?
- Mayorov artıq məşqçi kimi çalışır. Onunla ölkəniz, futbolunuz haqda söhbətim olmayıb.
0