Ponomaryovun Foqtsa arzuları
30.12.2008 - 18:44
Ponomaryovun Foqtsa arzuları
“Milli komandamızın baş məşqçisi Berti Foqts təcrübəli mütəxəssisdir və boş yerə plan qurmur. Martda Rusiya yığmasına qarşı keçirəcəyimiz önəmli görüş onun üçün də prinsipial əhəmiyyət daşıyır. Ancaq şübhəsiz ki, yığmanın təlim-məşq toplanışının qışa planlaşdırılması klubların, o cümlədən bizim də hazırlığımıza təsir göstərəcək”. Apasport.az saytının məlumatına görə, bunu “Xəzər-Lənkəran”ın baş məşqçisi İqor Ponomaryov deyib.

Lənkəran klubunun rəsmi İnternet saytına açıqlama verən 48 yaşlı çalışdırıcı bildirib ki, gələn ay Türkiyənin Antalya şəhərində keçiriləcək hazırlıq prosesində Rahid Əmirquliyev iştirak etməyəcək. Buna səbəb 19 yaşlı yarımmüdafiəçinin U-21-in heyətində yanvarın 4-dən 11-dək keçiriləcək təlim-məşq toplanışına dəvət almasıdır. Rahid “Xəzər-Lənkəran”ın hazırlığına milli komandadan ayrıldıqdan sonra, yəni yanvarın 12-də qoşulacaq.

Yanvarın sonunda Berti Foqtsun milli komandamız üçün təlim-məşq toplanışı planlaşdırdığını və bunun ikinci dövrənin startına iki gün qalmış başa çatacağını nəzərə alsaq, “Xəzər-Lənkəran” daha bir neçə futbolçusundan ayrı düşməli olacaq. Bütün bunlara münasibət bildirən Ponomaryov almaniyalı həmkarını dəstəkləyib: “Rahid toplanışın əvvəlini, daha bir neçə futbolçumuz isə sonunu komanda ilə birgə keçirə bilməyəcək. Bu çox arzuolunmaz haldır. Lakin biz anlayırıq ki, milli komanda hər şeydən vacibdir. Buna görə də futbolçularımızın yığmanın düşərgəsinə yollanmasını əngəlləməyəcəyik. Arzu edirik ki, cənab Foqts qarşıdakı təlim-məşq toplanışlarının vaxtını müəyyənləşdirərkən bizimlə məsləhətləşsin və optimal qərar qəbul edilsin”.

Qeyd edək ki, yığmaya dəvət alan futbolçuların öz klublarının düşərgəsinə fevralın 12-də qayıdacağı nəzərə alan komandaların baş məşqçiləri buna narazılıq ediblər.
0