Anatoli Demyanenko “Arsenal” klubunu çalışdıracaq
04.01.2009 - 23:11
Anatoli Demyanenko “Arsenal” klubunu çalışdıracaq
Avrokuboklarda ən çox mərhələ adlayan mütəxəssis kimi futbol tariximizə düşən ukraynalı Anatoli Demyanenko Premyer Liqanın ilk dövrəsinin “Qəbələ” - “Neftçi” (0:1) matçından sonra flaqmanın baş məşqçi postundan istefa verdi. İlk vaxtlar onun istefasının əsl səbəbi mətbuta qaranlıq qalsa da, sonradan klubun vitse-prezidenti İlqar Quluzadə mütəxəssisin istefasının səbəbini belə izah etdi: “Demyanenko üzərinə götürdüyü işin mahiyyətini dərk etmirdi. O, əlini-qolunu çirmələyib işə girişmirdi. Bütün bunları nəzərə alıb baş məşqçi dəyişikliyi etdik”.

Təqribən üç aya yaxın vaxt keçsə də, Demyanenko hələ də özünə yeni iş yeri tapmayıb. Rusiya və Misir klublarından təklif alan təcrübəli mütəxəssis həmin klublara son söz demir. Sən demə, “torbada pişik var imiş”. Əldə etdiyimiz məlumata görə, Demyanenko məşqçilik karyerasını vətənində davam etdirəcək. O, Ukrayna klublarından olan Kiyev “Arsenal”ını çalışdıracaq. Demyanenko bu postda həmyerlisi Aleksandr Zavarovu əvəzləyəcək. Əgər bu dəyişiklik baş tutarsa, Demyanenkonun üzərinə ağır yük düşəcək.

Belə ki, “Neftçi”nin sabiq baş məşqçisi “Arsenal”ı ağır vəziyyətdən çıxarmalıdır. Hazırda 16 komandanın iştirakı ilə keçirilən Ukrayna çempionatının 12-ci pilləsində qərarlaşan Kiyev təmsilçisi tarixinin ən acınacaqlı günlərini yaşayır. Verilən məlumata əsasən, “Arsenal” klubunun prezidenti ilə mütəxəssis arasında görüş keçirilib. Görüş zamanı komandanın hazırkı durumu, sözləşmənin şərtləri və müddəti, habelə qarşıda duran planlar barədə fikir mübadiləsi aparılıb.
0