Çeçenlər azərbaycanlı məşqçinin qarşısına şərt qoydu
05.01.2009 - 12:59
Çeçenlər azərbaycanlı məşqçinin qarşısına şərt qoydu
Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyev Rusiyanın “Terek” klubunun əvəzedicilərindən ibarət komandasının yeni çalışdırıcı vəzifəsində təsdiqlənib. Apasport.az saytının məlumatına görə, bir illik müqaviləyə imza atan 43 yaşlı mütəxəssisin təqdimetmə mərasimi Qroznı şəhərində keçirilib. Bilimxanov adına stadionda komanda üzvlərinə təqdim olunan Diniyev ardından mətbuat konfransı keçirib.

2001-ci ilin yayında “Terek”ın əsas komandasından ailə vəziyyətinə görə ayrılan Diniyev jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Çeçenistanda bugünkü siyasi-ictimai vəziyyət həmin vaxtdan köklü sürətdə fərqlənir. Məşqçimizin sözlərinə görə, “Terek”in uğurları ilk növbədə Əhmədhacı Kadırovun xidmətləri ilə bağlıdır.

“Terek”in vitse-prezidenti, Çeçenistanın Bədən Tərbiyəsi, İdman və Turizm naziri Haydar Alxanov isə bildirib ki, komanda qarşıdakı mövsümdə ilk “onluğa” düşməlidir. Diniyev buna nail olmayacağı halda, bu, iflasa uğrama sayılacaq. Alxanovun sözlərinə görə, Çeçenistan prezidenti Ramzan Kadırov əvəzedicilərdən ibarət komandanın ötən mövsümkü çıxışından narazı qalıb. Prezidentin tapşırığı ilə Diniyevin komandasına, gənc futbolçuların əzmkarlığına, nizam-intizama xüsusi diqqət ayrılacaq. “Terek”in əvəzediciləri ötən mövsümü 16 komanda arasında 15-ci yerdə başa vurub.

Qeyd edək ki, Alxanov ötən ay apasport.az saytına verdiyi müsahibəsində məşqçimizin qarşısında nəticə qazanmaq yox, əsas komanda üçün futbolçu yetişdirmək vəzifəsinin qoyulduğunu bəyan etmişdi.
0