“Bakı” Tümər Mətin üçün “Fənərbaxça”ya 250 min avro ödəyəcək
05.01.2009 - 13:39
“Bakı” Tümər Mətin üçün “Fənərbaxça”ya 250 min avro ödəyəcək
“Tümər Mətinin “Bakı”ya keçidi gündəmdən düşməyib. Həftəsonu klub rəhbərliyi ilə bu transferlə bağlı söhbətimiz olacaq. Tümər və onun agenti bizdən xəbər gözləyirlər”. Bunu apasport.az saytına açıqlamasında “Bakı” klubunun vitse-prezidenti Tunc Afşar deyib.

Artıq xeyli müddətdir vətəni Türkiyədə olan Afşar “Fənərbaxça”da oynayan 34 yaşlı Tümərin transferi ilə bağlı danışıqları davam etdirir. Onun sözlərinə görə, Mətinin “Bakı”ya keçidinin üstündən indidən xətt çəkmək olmaz: “Tümərin agenti ilə mütəmadi əlaqə saxlayıram. Onlara cavabımızı deməliyik. Mətinə bir sıra klublardan təkliflər olsa da, hələ gözləyir. “Bakı” onun üçün gələcək karyerasını davam etdirmək baxımından əsas variantlardan biridir. Tümərə yenidən “Larisa”da oynamaq təklif edilib. Futbolçu Yunanıstan və Azərbaycan arasında seçim etmək qarşısında qalarsa, ölkənizi seçəcək. Çünki Azərbaycan Türkiyə üçün qardaş ölkədir”.

Vitse-prezident Mətinin keçidində tərəddüd doğuran məsələni infrastrukturla bağlı sayır. Afşar bu transferin reallaşmasında maddi baxımdan ciddi problem görmür: “Biz Tüməri “Fənərbaxça”dan yarım illiyə icarəyə götürmək istəyirik. Bu, təxminən 200-250 min avroya başa gəlir. Maddi vəziyyətimiz bunu reallaşdırmağa imkan verir. Klubla bağlı məsələni özləri həll etməlidir. “Fənərbaxça”da onun müqaviləsinin dəyəri 1 milyon dollardan çox olsa da, bu paranın hamısı ona çatmır. Çünki Türkiyədə futbolçunun müqavilə məbləği 66 faizinin alacağına zəmanət var. Qalan hissə onun oyun sayından asılıdır. Tümər cari mövsümdə “Fənərbaxça”nın heyətində Superliqada oynamayıb. Onun yalnız bir kubok matçında meydana çıxdığını nəzərə alsaq, qazancı çox azdır”.

Qeyd edək ki, Tümər ötən yay Türkiyə milli komandasının heyətində Avropa çempionatının bürünc medalını qazanıb.
0