Kriştianu Ronaldo: Azərbaycana vurduğum kimi qol arzulayıram
05.01.2009 - 14:40
Kriştianu Ronaldo: Azərbaycana vurduğum kimi qol arzulayıram
Avropanın ən yaxşı futbolçusu Kriştianu Ronaldo 2009-cu illə bağlı arzularını açıqlayıb. Apasport.az saytının məlumatına görə, Portuqaliya yığmasının və İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu yeni ildə “qayçı” zərbələri ilə qol vurmaq istəyindədir.

Təkcə ötən il rəqib qapılarına 42 dəfə yol tapan 24 yaşlı yarımmüdafiəçi indiyədək xeyli sayda qol vursa da, hələ də xəyallarının gerçəkləşməsinin həsrətindədir: “Qayçı” zərbəsi ilə qol vurmaq arzusundayam. İndiyədək yalnız bir dəfə belə qol vurmuşam ki, o da hesaba alınmayıb. Bu, yığmanın heyətində Azərbaycanla görüşdə baş vermişdi. Digər arzuladığım qol isə rəqibin 11 futbolçusunu aldadaraq, yerə sərməklə topu tora göndərməkdir”.

Qeyd edək ki, 2008-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Portuda keçirilən Portuqaliya - Azərbaycan matçı 3:0 hesabı ilə nəticələnmişdi. Həmin oyunda yığmamızın qapısına iki qol vuran Kriştianu həmin “qayçı” zərbəni ilk hissədə yerinə yetirmişdi. Amma hakim qayda pozuntusu qeydə aldığından Ronaldonun effektiv qolunu hesaba almamışdı.
0