Hakim bir oyunda futbolçulara 19 qırmızı vərəqə göstərdi
05.01.2009 - 15:22
Hakim bir oyunda futbolçulara 19 qırmızı vərəqə göstərdi
İspaniyalı hakim Xose Manuel Barro Eskadron adını futbol tarixinə yazdırıb. Apasport.az saytının məlumatına görə, ölkə çempionatının aşağı dəstəsində keçirilən “Rekreativo Linense” - “Saladilyo” matçını idarə edən hakim 19 futbolçuya qırmızı vərəqə göstərib. Eskadron matçın 54-cü dəqiqəsində hesab 1:0 meydan sahiblərinin xeyrinə olarkən oyunu dayandırmağı zəruri hesab edib. Bunun səbəbi isə meydanda yaranan qalmaqal olub.

İspaniya çempionatının yeddinci divizionu sayılan Kadis əyalətinin birinciliyindəki qalmaqalı isə Fransis (“Rekreativo Linense”) və David Aqilar (“Saladilyo”) başlayıb. Onlar arasında 54-cü dəqiqədə qızışan münaqişəyə digər futbolçular, həmçinin azarkeşlər də qarışıb. Özünü qorumaq məqsədilə qaçıb tribunanın altında gizlənən hakim az sonra geri qayıdaraq qırmızı vərəqə göstərdiyi oyunçuları bu haqda məlumatlandırıb.

Dava-dalaşa görə hər komandadan 9 futbolçunu qovan Eskadron matçın əvvəlində də “Rekreativo”nun bir oyunçusunu meydandan kənarlaşdırmışdı. Meydan sahiblərinin baş məşqçisi Sebastyan Naranxo isə hakimin hərəkətlərinə təəccübləndiyini etiraf edib. Onun sözlərinə görə, azarkeşlərlə futbolçular Aqilarla Fransisi ayırmaq istəyirmiş.
0