Rəşad Sadıqov “Kocaelispor” klubuna baxışa gedib
05.01.2009 - 15:36
Rəşad Sadıqov “Kocaelispor” klubuna baxışa gedib
Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov Türkiyəyə gedib. Apasport.az saytının məlumatına görə, 27 yaşlı müdafiəçi Superliqada sonuncu pillədə qərarlaşan “Kocaelispor” klubunda baxışa olacaq. O, artıq iki gündür Kocaeli təmsilçisinin düşərgəsində məşq edir.

Həmyerlimizin “Kocaelispor”a yollanmasında bu komandanın futbolçusu Bülənt Bölükbaşı vasitəçi olub. Belə ki, Bülənt “Kayserispor”da bir yerdə oynadığı Rəşadı indiki klubuna məsləhət bilib. Superliqada yerini itirmək təhlükəsi ilə üzləşən “Kocaelispor” maddi sıxıntılar keçirməsinə baxmayaraq, transfer çalışmalarını diqqət yetirir. Müdafiəçi axtarışında olan “Kocaelispor”a Sadıqovu gətirən Bölükbaşı bununla həm də komandasının mənafeyini düşündüyünü göstərib. Təsadüfi deyil ki, klub rəhbərliyi “Konyaspor”la anlaşdığı söylənilən futbolçusu haqda “Bülənt heç yerə getmir, komandamıza futbolçu gətirir. Onun haqda söylənilənlər doğru deyil” açıqlamasını verib.

Rəşad “Kocaelispor”da “Fənərbaxça” və “Beşiktaş”ın sabiq futbolçuları Sərhat Akın, Kamal Aslan, Əhməd Dursun, Sərdar Torpaktəpə və “Neftçi”yə də təklif edilən Murat Hacıoğlu ilə bir yerdə hazırlıq keçir. “Kocaelispor”un baş məşqçisi Yılmaz Vural istefa verdiyi üçün komandan köməkçi məşqçi, “Beşiktaş”ın sabiq futbolçusu Kaan Dobra çalışdırır.

Qeyd edək ki, Sadıqov az öncə İspaniya Primerosunun təmsilçisi “Valyadolid” klubuna da baxışa getmişdi. Amma ispanlar onun xidmətində maraqlı olmayıb. Sadıqov 2005-2006-cı illərdə Türkiyə Superliqasında “Kayserispor”un heyətində çıxış edib və İntertoto kubokunun iştirakçısı olub.
0