“Kocaelispor” klubunun meneceri Rəşad Sadıqovu bəyənmədi
05.01.2009 - 18:06
“Kocaelispor” klubunun meneceri Rəşad Sadıqovu bəyənmədi
“Rəşad Sadıqov bu gün keçirdiyimiz yoxlama görüşünün ikinci 45 dəqiqəsində oynadı. Onun bir qolda xətası oldu. Həmin epizodda Rəşad mövqe səhvinə yol verdi”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Kocaelispor” klubunun meneceri Mücahid Oktan deyib.

Bu gün Antalyada “Samsunspor”la yoxlama matçında Azərbaycan milli komandasının 27 yaşlı kapitanı Rəşad Sadıqovu iş başında görən “Kocaelispor” rəhbərliyi onun oyunundan razı qalmayıb. Ancaq Oktan birinci divizion təmsilçisinə böyük hesabla uduzduqları qarşılaşmada bütün günahı müdafiəçimizdə görmür: “Rəşad ikinci hissədə meydanda olduğu zaman daha üç top buraxsaq da, yalnız bir qolda onun günahı vardı. Ancaq onsuz da məğlub olmuşuq və Rəşadın səhvi bizim üçün elə problem deyil. Sadəcə, Sadıqov öz oyunu ilə gözə girmədi. Onu bizə tövsiyə etsələr də, hazırda super formada olduğunu deyə bilmərik. Bu da ilk növbədə hazır olmamağı ilə bağlıdır. Rəşadın son vaxtlar məşq prosesi, oyun praktikası sarıdan korluq çəkdiyi hiss olunur. Məşqləri artırsa, bəlkə bu çatışmazlıqlar aradan qalxdı. Onunla bağlı son qərarımızı verməmişik. Bunu yaxın zamanda edəcəyik”.

Qeyd edək ki, iki gündür “Kocaelispor”da baxışda olan Rəşad bu gün komandada debüt edib.
0