Azərbaycan kubokunun finalçısı Ermənistandan qaçdı
05.01.2009 - 20:15
Azərbaycan kubokunun finalçısı Ermənistandan qaçdı
Azərbaycan çempionatının iştirakçısı olan ukraynalı futbolçu Dmitri Parxomenko Ermənistanı tərk edib. Apasport.az saytının məlumatına görə, İmişlinin “MKT-Araz” klubunda iki il oynayan 31 yaşlı yarımmüdafiəçinin İrəvan “Banants”ında karyerası qısamüddətli olub. Parxomenko Ermənistanda yarım il oynadıqdan sonra vətəninə qayıtmağa qərar verib.
Belə ki, Dmitri Ukraynanın birinci divizionunda çıxış edən “Dnestr” klubu ilə bir illik müqavilə imza atıb. “MKT-Araz”ın sabiq futbolçusunun məhz bu komandaya keçidi təsadüfi deyil. Məsələ ondadır ki, Dmitri “Dnestr”ə yeni baş məşqçi təyin olunan böyük qardaşı Andreyin yanına gəlib. Bununla da, Parxomenko qardaşları 8 illik fasilədən sonra yenidən bir komandada yer alıb. Fərq ondadır ki, Andrey artıq baş məşqçi, Dmitri isə futbolçu statusunu daşıyır. Əslində, Andrey Parxomenko da vaxtilə Azərbaycana gəlib. O, 1992-ci ildə “Neftçi”də heyətində yer alıb.
Qeyd edək ki, Dmitri Azərbaycanda ən sabit çıxış edən ukraynalı futbolçulardan olub. Moldovanın “Şerif” klubunda olduğu kimi, “MKT-Araz”da da həmyerlisi İqor Nakoneçnının rəhbərliyi altında çıxış edən Parxomenko Azərbaycan kubokunun finalına yüksəlib və avrokuboklarda oynayıb.