Rəşad Sadıqov ilk imtahandan qeyri-kafi aldı
05.01.2009 - 20:37
Rəşad Sadıqov ilk imtahandan qeyri-kafi aldı
Azərbaycan yığmasının futbolçusu Rəşad Sadıqovun Türkiyənin “Kocaelispor” klubunda debütü uğursuz alınıb. Apasport.az saytının məlumatına görə, 27 yaşlı müdafiəçi Kocaeli təmsilçisinin Antalyada “Samsunspor”a qarşı keçirdiyi yoxlama oyununda zəif təsir bağışlayıb. “Kocaelispor”un 0:4 hesabı ilə uduzduğu oyunda Türkiyə mətbuatı Sadıqovu matçın ən zəif oyunçularından biri sayıb.

Belə ki, futbolçuların oyununu üç ulduzlu şkala ilə qiymətləndirən həmkarlarımız “Kocaelispor”da heç kimi “3”ə layiq bilməyib. Fasilədə Ensar Çetinkayanı əvəzləyən müdafiəçimiz ən aşağı qiymət – bir ulduza layiq olub. Matçda forma geyən 34 oyunçudan yalnız 9-u belə zəif qiymət alıb. Türkiyəlilər oyunun şərhində də Sadıqovun meydanda olmasına toxunub: “Azəri Rəşad çaşdı – “Kocaelispor”un yoxlamaq üçün baxışa çağırdığı azərbaycanlı Rəşad hava mübarizəsində buraxdığı səhv hesabın 0:2-ə çatması ilə nəticələndi”.

Qeyd edək ki, ilk hissədə hesab 0:1 olsa da, Rəşad və digər təcrübəli oyunçuların meydana çıxmasından sonra kocaelililər daha 3 qol buraxıb.
0