Tümər: Nəinki Azərbaycanda, hətta Qazaxıstanda da oynayaram
06.01.2009 - 11:54
Tümər: Nəinki Azərbaycanda, hətta Qazaxıstanda da oynayaram
“Şərtlər uyğun olarsa, nəinki Azərbaycanda, hətta Qazaxıstanda və Yaponiyada da oynamağa razıyam. Çempionluğa oynayan komandanın formasını geyinmək mənim üçün çox vacibdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyə milli komandasının və “Fənərbaxça”nın yarımmüdafiəçisi Tümər Mətin deyib.

Maraqlıdır ki, 34 yaşlı futbolçu “Bakı” klubundan təklif almadığını bildirsə də, bu klubu məhz Qyoko Hacıyevskinin çalışdırdığından xəbərdar olduğunu söyləyib: “Bunu mənə menecerim deyib. Lakin “Bakı”dan təklif almamışam”.

Bundan başqa, Tümər Azərbaycan futbolu ilə bağlı verilən sual zamanı özünü çaş-baş salıb. O, braziliyalı dünya çempionu Rivaldonun Daşkəndin “Bunyodkor” klubu ilə müqavilə imzaladığını unudaraq, ölkəmizi Özbəkistanla səhv salıb: “Düzü, Azərbaycan futbolu haqda ətraflı məlumatım yoxdur. Məncə, Rivaldo ora gəlib...”

Keçmiş komandası “Larissa”nın (Yunanıstan) da maraq dairəsində olan Mətin vurğulayıb ki, yanvarın 31-dək gələcək karyerası barədə yekun qərar verəcək.

Qeyd edək ki, “Bakı” rəhbərliyinin Tümər Mətinə təklif göndərməsi haqda xəbəri öncə apasport.az saytı yayıb.

Mənbə: futbol+