Türkiyə klubları Azərbaycan çempionu ilə oyundan imtina etdilər
06.01.2009 - 12:03
Türkiyə klubları Azərbaycan çempionu ilə oyundan imtina etdilər
Bakının “İnter” klubunun Türkiyədəki hazırlıq prosesində planında dəyişiklik edilib. Bu haqda apasport.az saytına məlumat verən baş məşqçi Valentin Xodukinin sözlərinə görə, Antalyada Rusiya Premyer Liqasının daha bir təmsilçisi ilə yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Ukraynalı mütəxəssis Nalçik “Spartak”ı ilə görüşün vaxtını artıq dəqiqləşdirdiklərini bildirib: “Bu variant sonradan çıxdı. Nalçiklilərlə yanvarın 8-də oynayacağıq. Yanvarın 13-də isə “Tom”la matçımız qüvvədə qalır. “Spartak” variantını ortaya çıxması ilə üç gündə üç çətin sınağımız olacaq. Hollandlardan sonra sabah İordaniya yığması, birigün isə ruslarla qüvvəmizi sınayacağıq”.

Qısa zamanda ardıcıl sınaq matçlarının komandasının xeyrinə olacağını düşünən Xodukin Türkiyə Superliqa təmsilçisi ilə də qüvvəsini sınamaq istəyirdi. Ancaq “İnter”in bu arzusu yenə gerçəkləşməyəcək. Xodukin Türkiyə klublarının Azərbaycan çempionundan çəkindiyini istisna etmir: “Türkiyədə üçüncü yoxlama oyununu yerli klubla keçirmək nəzərdə tutulmuşdu. Superliqa təmsilçisi ilə görüşmək istəyirdik. Antalyaya gələn çoxlu yerli komandalar arasında seçim ediləcəkdi. Ancaq türkiyəlilər bizimlə oynamaqdan imtina etdilər. Onlar bizi yaxşı tanıyırlar və yoxlama matçı keçirmək istəmirlər”.

Qeyd edək ki, “İnter”in Antalyada ötən qış fasiləsində də Türkiyə klubları ilə yoxlama oyunu ilə bağlı problem yaranmışdı.
0