Litva yığmasının futbolçusu “Neftçi”yə təklif olunub - YENİLƏNİB
06.01.2009 - 13:10
Litva yığmasının futbolçusu “Neftçi”yə təklif olunub - YENİLƏNİB
Litva yığmasının futbolçusu Tadas Papeskis “Neftçi” klubuna təklif olunub. Apasport.az saytının məlumatına görə, 31 yaşlı yarımmüdafiəçinin flaqmanda baxışda olacağı gözlənilir.

Hazırda Antalyada olan “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Səbuhi Səfiyarlı bildirib ki, Tadasın komandanın düşərgəsinə gələcəyi dəqiq deyil: “Antalyada baxışa 10-12 futbolçunun gəlməsi gözlənilir. Ancaq onların hamısını gələcəyini indidən əminliklə söyləyə bilmərik. Elə bizə təklif edilən Tadas belə futbolçulardandır. Onu yoxlamağı təklif ediblər, biz də buna etiraz etməmişik. Sabah komandamız Antalyaya təlim-məşq toplanışına gələcək. Yeni futbolçuların da həmin vaxtdan gəlişi nəzərdə tutulub. Bu vaxt düşərgəmizdə olan futbolçu haqda məlumat verəcəyik”.

Qeyd edək ki, karyerasının böyük hissəsini “Kaunas”da keçirən Papeskis bu komandada 8 il oynayıb, ölkə çempionluğunu qazanıb. Vətənində, həmçinin “Jalgiris” və “Silute” klublarında çıxış edən Tadas indiyədək 3 ölkədə legioner həyatı yaşayıb. Rusiyada “Anji”, Latviyada “Riqa”da forma geyinib. Ötən ildən Polşanın “Qurnik” komandasının şərəfini qoruyur. Yarımmüdafiəçi 2005-ci ildən milli komandaya cəlb olunur.
0