Georgi Nikolov futbolçulara borclu olduğunu təsdiqlədi
06.01.2009 - 14:35
Georgi Nikolov futbolçulara borclu olduğunu təsdiqlədi
“Futbolçulara pulu verməməyimiz Azərbaycanda olmamağımla bağlıdır. Artıq 10-15 gündür Bolqarıstandayam. Klubumuzun rəsmi şəxsləri iş başında olsalar da, maliyyə sənədlərini bir prezident kimi imzalamağım lazımdır”. Bunu apasport.az saytına açıqlamasında Bakının “İnter” komandasının prezidenti Georgi Nikolov deyib.

Futbolçuların maaşlarının gecikdirilməsinə münasibət bildirən Nikolov borcların olmasını inkar etməyib. Ancaq bunun yaranmasını obyektiv səbəblərlə əlaqələndirən klub prezidentinin fikrincə, məvaciblərin ödənilməsi ilə bağlı narahatçılığa əsas yoxdur: “Sənədlərə geri dönəndən sonra qol çəkə bilərəm. Ancaq hava reysi ilə əlaqədar qayıdışım yubanır. Futbolçulara dekabrın pulunu hələ verməmişik, onu da Bakıya dönəndən sonra həll edəcəyəm. Belə yubanmalar ola bilər. Bu, ciddi problem sayılmamalıdır. Komandamız hazırlıq prosesi və “Birlik kuboku”nun oyunları ilə əlaqədar xeyli müddət ölkə kənarında olması pulların çatdırılmasına əngəl törətməyəcək. Bank köçürməsi ilə bunu həll edəcəyik. Sözsüz ki, dünyadakı maliyyə böhranı bir çox sahələrdə olduğu kimi, bizim də işlərə öz mənfi təsirini göstərir. Ancaq bununla belə, futbolçular müqaviləyə nəzərdə tutulan pulu tam alacaqlar”.
0