Radukanu: “Xəzər-Lənkəran”da adımı deyə bilmirlər
06.01.2009 - 14:37
Radukanu: “Xəzər-Lənkəran”da adımı deyə bilmirlər
“Komandamızın bütün üzvləri Bakıda yaşayırlar. Biz yalnız ev oyunlarını keçirərkən Lənkərana gedirik. Bu isə o deməkdir ki, hər oyuna gedib-gəlmək üçün təxminən 500 kilometr yol qət etməli oluruq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər-Lənkəran” klubunun rumıniyalı hücumçusu Klaudio Radukanu deyib.

Vətənində olduğu vaxt Rumıniya mətbuatına müsahibə verən futbolçu ad və soyadının ona, daha doğrusu komanda yoldaşlarına problem yaratdığını etiraf edib: “Komanda yoldaşlarımdan heç biri adımı deyə bilmir. Buna görə, onlara tövsiyə etmişəm ki, məni qısaca Radu kimi çağırsınlar. Formamda isə Klaudio yazdırmışam. “Xəzər-Lənkəran”da məndən əvvəl də rumın futbolçular oynayıb və orada müsbət fikir formalaşdırıb. Xüsusilə, Robert İlyeş azarkeşlərin rəğbətini qazanıb. Mənimsə yayadək müqaviləm var və ümid edirəm ki, lənkəranlıları transferimə peşman etməyəcəyəm”.

Radukanu həmvətənlərinə çempionluq iddiasında olduqlarını bildirib: “Azərbaycanda komandamızın oyun səviyyəsi kifayət qədər yaxşıdır. Mən də əksər oyunlarda ilk dəqiqələrdən, digərlərində sonradan meydana çıxmışam. Çalışıram ki, işimi vicdanla görüb, “Xəzər-Lənkəran”a xeyir verim. Komandamız isə liderlərdən 4-5 xal geri qalır ki, bunu da aradan qaldırmağa çalışacağıq. Təbii ki, əsas rəqiblərimiz də bunun əksinə çalışacaq”.

Klaudio Bakıda gördüklərindən məmnun olsa da, qiymətlərdən narazıdır: “Azərbaycanda çox bahalıqdır. Hətta bu Rumıniyadakından da artıqdır. Klub mənə mənzillə təmin edib. Məşq etdiyimiz meydanın beş addımlığındadır. Avtomobilim isə hələ ki, yoxdur. Qidalanmağıma gəlincə, bəxtim gətirib ki, Azərbaycanda türk restoranları çoxdur. Orada həm keyfiyyətli, həm də ucuz yeməklər olur. Bu ölkənin çox gözəl paytaxtı var”.

“Xəzər-Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimovu da rumıniyalılara Radukanu tanıtdırıb: “Klubumuz ən zəngin azərbaycanlılardan biri Mübariz Mənsimov komanda üçün əla stadion tikdirib. O, hələ yayda Türkiyənin “Beşiktaş” klubunun prezidenti olmaq istəyirdi. Bunun üçün 50 milyon avrosundan keçməyə də hazır idi”.

Qeyd edək ki, Klaudio Azərbaycan Premyer Liqasında 6 (176 dəqiqə), ölkə kubokunda isə 2 (151 dəqiqə, 4 qol) oyun keçirib.
0