Valentin Belkeviç “İnter”dən rəsmən ayrıldı
06.01.2009 - 16:00
Valentin Belkeviç “İnter”dən rəsmən ayrıldı
Valentin Belkeviç Bakının “İnter” klubunda çıxışını başa vurduğunu təsdiqləyib. Apasport.az saytının məlumatına görə, 36 yaşlı belaruslu futbolçu karyerasını da bitirmək fikrindədir. O, bildirib ki, “İnter”lə cari mövsümün sonuna qədər olan müqaviləsi qarşılıqlı razılıqla pozulub: “Bir illik müqavilə imzalamışdım. Klubla anlaşmam 2009-cu ilin iyununa qədər idi. Ancaq qarşılıqlı razılığa əsasən, əməkdaşlığı dayandırdıq. Hələ ki istirahət etmək istəyirəm. Fikrimcə, bir daha oynamayacağam. Ancaq kim bilir... Az öncə Kiyevdə A kateqoriyalı məşqçi diplomunu aldım. Yayda məşqçilik fəaliyyətinə başlamağı planlaşdırıram”.

Qeyd edək ki, karyerasını Azərbaycanda başa vurmağa qərar verən Belkeviç ölkəmizə gələn ən titullu futbolçu olub. Uzun müddət çıxış etdiyi Kiyev “Dinamo”sunun heyətində çoxsaylı titullar qazanan, Çempionlar Liqasının yarımfinalında iştirak edən Valentinin ölkəmizdə çıxışı uğursuz alındı. “İnter”in yayda transfer etdiyi təcrübəli futbolçu əsas heyətə düşə bilməyərək, çempionatımızda cəmi 5 oyun (346 dəqiqə) keçirib, Azərbaycan kubokunun iştirakçısı olmayıb. Çempionlar Liqasında yalnız “Partizan”la Bakıdakı görüşdə meydana çıxan Belkeviç hələ ilk hissə bitməmiş əvəzlənib.
0