“İnter” 150 min avroluq hücumçunu istəmədi
06.01.2009 - 16:51
Hücumçu axtarışında olan Bakı “İnter”inə bolqarıstanlı Krum Bibişkov təklif olunub. Apasport.az saytının məlumatına görə, Loveçin “Liteks” klubu 27 yaşlı ucaboylu hücumçusunu son Azərbaycan çempionuna satmağa hazır imiş. Amma “İnter”in prezidenti Georgi Nikolovun “Liteks”dəki həmyerliləri ilə bu transferlə bağlı danışığı nəticəsiz qalıb. Məsələ ondadır ki, komandanın baş məşqçisi Valentin Xodukin “Liteks”dən bir sıra oyunçuları, o cümlədən Bibişkovu bəyənməyib. 1,83 metr boya malik Krumun ləng olduğunu düşünən ukraynalı mütəxəssis sərəncamında cəld, sürətli hücumçu görmək istəyir. “Liteks”in futbolçuya görə kompensasiya istəməsi də “İnter”in maraqlarına uyğun gəlmədiyi üçün transfer arxa plana keçib. Ötən il “Liteks”in heyətində Bolqarıstan kubokunu qazanan Bibişkov 2004-2006-ci illərdə Portuqaliyada çıxış edib. “Maritimo” klubu illik məvacibi 150 min avro olan hücumçunu sonradan Portuqaliyanın digər təmsilçisi - “Penafiel”ə icarəyə verib. “Liteks” iki il öncə Krumla 100 min avro dəyərli müqavilə imzalayıb.
0
0