Karate üzrə Azərbaycan çempionu “Qəbələ” klubu ilə müqavilə bağladı
07.01.2009 - 12:02
Karate üzrə Azərbaycan çempionu “Qəbələ” klubu ilə müqavilə bağladı
“Futboldan küsüb getmişdim. Gördüyüm haqsızlıqlara dözə bilmədiyimdən, bir müddət kənarda qalmağa üstünlük verdim”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycanın olimpiya yığmasının sabiq kapitanı Mikayıl Namazov deyib.

“Qəbələ” klubunun yeni transferlərindən olan 26 yaşlı müdafiəçi cari mövsümə MOİK-də başlasa da, çox keçməmiş səhhətində yaranan problemlə əlaqədar çıxışını başa vurmuşdu: “Sadəcə, əsəblərim gərginləşmişdi. MOİK-in ötən mövsüm çıxış etdiyim “Masallı” kimi ortabab komanda olduğunu zənn edirdim. Ancaq görəndə ki, heyəti gücləndirməklə bağlı verilən vədlər yerinə yetirilmədi, daha oynamaq istəmədiyimi dedim. Axı nə qədər 3-5 qol buraxmaqla uduzmaq olar? Adam içinə çıxmağa utanırsan. Çox top buraxanda da ilk növbədə günahı müdafiəçilərdə görürlər”.

Karyerası boyu iddialı klublarda çıxış edən müdafiəçi autsayderdə oynamağı özünə sığışdırmayıb. “Transfer pəncərəsi” bağlandığı üçün qış fasiləsini gözləməli olan Namazov daha çox əcnəbilərin bolluğundan narazıdır: “Azərbaycanda legionerlərə o qədər üstünlük verirlər ki, yerli futbolçular kənarda qalır. Yerlilərə şans vermirlər, 3-5 dəqiqə oynamaqla, özünü göstərmək olmaz. Futbolçu ailəsini dolandırmalı, yeri gələndə qohum-əqrəbasına da əl tutmalıdır. Ölkəmizə gələn əcnəbilər arasında yüksək səviyyəli futbolçular barmaqla sayılası qədərdir. Bu mənada vaxtilə bir yerdə oynadığım belaruslu Makovski qardaşları və türkiyəli Oktay Dərəlioğlunu qeyd edə bilərəm ki, onlardan örnək götürmək olar”.

“Qəbələ”yə əvvəl də keçmək variantı olan Mikayıl artıq transferini rəsmiləşdirib: “Masallı”dan sonra yarım il Bakıda oynamaq istədim. Ancaq indi görürəm ki, elə ən yaxşısı rayon komandasıdır, başını aşağı salıb, futbolunu oynayırsan. Bu mənada “Qəbələ” iddiasına görə tələblərimə cavab verir. Məhz belə komandada bir futbolçu kimi özünü təsdiqləmək olar. Bütün bunları nəzərə alıb, il yarımlıq müqavilə imzaladım”.

Qeyd edək ki, futbola gələnədək karate ilə məşğul olan Mikayıl bu idman növündə Azərbaycan çempionu olub.
0