“Neftçi” Türkiyə çempionatının bombardirini sınayacaq
07.01.2009 - 12:56
“Neftçi” Türkiyə çempionatının bombardirini sınayacaq
Hücumçu axtarışında olan “Neftçi” Türkiyə çempionatının bombardiri Taner Güllərə göz dikib. Apasport.az saytının məlumatına görə, 33 yaşlı hücumçu ötən il “Kocaelispor” klubunun heyətində vurduğu 22 qolla Bank Asiya Liqasının ən sərrast oyunçusu olub.

Bununla komandasının Superliqaya qayıtmasında böyük pay sahibi olan Taner güclülər sırasında da büdrəməyib. Belə ki, mövsümün ilk yarısında vurduğu 7 qolla bombardirlər siyahısında yer alan təcrübəli futbolçu Türkiyənin dörd böyük klubu – “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş” və “Trabzonspor”a qol vurmağı bacarıb.

Superliqanın cari mövsümünün bombardirlər siyahısında 4-cü yerə şərik olan Güllərinin hazırkı komandasında gələcək taleyi sual altına düşüb. Buna da əsas səbəb “Kocaelispor”un maliyyə problemi ilə üzləşməsi və nəticədə klubunun hücumçuya borclu olmasıdır. Müqaviləsi bu ayın 20-də başa çatacaq Taner klubu ilə bağlı Türkiyə Futbol Federasiyasına (TFF) şikayət edib. Deyilənə görə, “Kocaelispor” ona təxminən 180 min dollar borcludur.

Güllərinin “Kocaelispor”dakı komanda yoldaşı, “Neftçi”yə də təklif edilən Murat Hacıoğlu da borcla bağlı TFF-ə şikayətçidir. Hələ ki onlar “Neftçi”nin sabiq kapitanı, hazırda “Kocaelispor”un düşərgəsində yer alan Rəşad Sadıqovla birgə hazırlıq keçir. Türkiyənin bir sıra klublarının hədəfində olan Taner əsas maraq göstərən “Əskişəhərspor”dur. “Neftçi” bu yüksək ödənişli futbolçunu Antalyadakı hazırlıq prosesində sınamaq fikrindədir.

Qeyd edək ki, “Neftçi”də hazırda iki türkiyəli futbolçu – müdafiəçi Suat Usta ilə hücumçu Əli Cansun çıxış edir.
0