Şahin Diniyev: Mənə hər cür şərait yaradılıb
07.01.2009 - 13:26
Şahin Diniyev: Mənə hər cür şərait yaradılıb
Rusiyanın “Terek” klubunun əvəzedicilərindən ibarət komandasının baş məşqçisi Şahin Diniyev Qroznıda futbolçu seçir. Apasport.az saytının məlumatına görə, 1991-ci il və ondan aşağı təvəllüdlü futbolçular arasında seçim prosesində 43 yaşlı məşqçimizi kluba dəvət edən vitse-prezident, Çeçenistan Respublikasının Bədən tərbiyəsi, İdman və Turizm naziri Haydar Alxanov da iştirak edir. Çeçenistan Respublikasının və “Terek”in prezidenti Ramzan Kadırovun əvəzedici komandaya diqqətin artırılmasını tapşırması seçim prosesinə ciddi nəzarət etməyə sövq edir. Nəticədə 100-dən artıq futbolçunu sınaqdan keçirən Diniyev bu gün komandası ilə seçilən futbolçular arasında yoxlama oyunu keçirəcək.

Məşqçimiz klubun rəsmi saytına açıqlamasında heç də asan olmayan iş gördüklərini bildirib: “Köməkçilərim Anzor İsmayılovla Məhəmməd Maqomayev işlərinin öhdəsindən yaxşı gəldi. Biz gələcəkdə işləyəcəyimiz futbolçuları artıq müəyyənləşdirmişik. Keçirilən iki tərəfli oyunlardan sonra ən layiqlilərini seçəcəyik. Ötən mövsümdən 16 futbolçumuz var və 6 yeni oyunçu seçməklə, Kislovodskda 22 nəfərlə yollanacağıq. Yanvarın 14-də başlayacaq bu təlim-məşq toplanışından sonra Krımskda 10, ardından Antalyada iki həftəlik hazırlıq prosesi nəzərdə tutulub”.

Görüləsi işlərin çox olduğunu deyən Diniyev 1991/92 və 93/94 təvəllüdlü futbolçulardan da iki komanda yaratmalıdır. Milli komandamızın sabiq çalışdırıcısının sözlərinə görə, gələcəkdə yüksək səviyyədə çıxış edə bilən yerli futbolçular yetişdirməlidirlər: “Qroznıda peşəkar səviyyədə iş qurulub. Deyə bilərəm ki, “Terek” ciddi komandadır. İş görmək üçün hər cür şərait yaradılıb. Bütün bunlar gözəl sözlər yox, bir peşəkar kimi fikirlərimdir. Biz də öz növbəmizdə işimizlə ümidləri doğrultmalıyıq. Hamıdan razıyam. “Terek”in baş məşqçisi Vyaçeslav Qroznı ilə uzun söhbət etdim. Fikirlərimiz üst-üstə düşür, bir yerdə işləyəcəyik. Çünki biz istəyirik ki, bu gənc futbolçular bir neçə ildən sonra “Terek”in əsas komandasında çıxış etsin”.
0