“Neftçi” Taner Güllerini yanvarın 22-dək gözləməlidir
07.01.2009 - 13:29
“Neftçi” Taner Güllerini yanvarın 22-dək gözləməlidir
“Kocaelispor”un hücumçusu Taner Güllerini heyətinə qatmaq istəyən “Neftçi” futbolçunun komandasından ayrılmasını gözləməyə məcburdur. Apasport.az saytının məlumatına görə, Kocaeli təmsilçisinin qol ümidi yanvarın 22-dək komandanı tərk etmək fikrində deyil. Belə ki, Taner ona borclarının ödənməsi üçün klub rəhbərliyinə daha 15 günlük möhlət verib.

Türkiyədə “Bursaspor”, “Antalyaspor”, “Hacettepe”, “Əskişəhərspor” və “Konyaspor”un transfer siyahısında yer alan 33 yaşlı futbolçu həmin müddətin sonunadək gözləyəcək: “Pul yatırdığım yerlər var. Bu səbəbdən bəzi insanlarla problemlərim yaranıb. Elə buna görə də, almalı olduğum paranın ödənməsi üçün “Kocaelispor”a müraciət etdim. Onlara yanvarın 22-dək möhlət vermişəm. Həmin tarixədək pulu ödəməlidirlər. Əks halda, məcbur olacağam ki, komandadan ayrılım”.

Bakılıların maraq dairəsində olan digər “Kocaelispor”lu futbolçu Murat Hacıoğlu da eyni problemdən gileylənib: “Kocaelispor”da komanda daxili ab-hava əladır. Toplanış da yaxşı gedir. Lakin hamını pul məsələsi narahat edir. Komandada oynadığım müddətdə beş quruş da almamışam. Belə davam edərsə, “Kocaelispor”da güclü qopmalar olacaq”.

Qeyd edək ki, hazırda Azərbaycan milli komandasının futbolçusu Rəşad Sadıqovu baxışdan keçirən Türkiyə Superliqasının autsayderi futbolçularının əmək haqqını belə ödəməkdə çətinlik çəkir.
0