Taner “Neftçi”dən 700 min dollar istəyir
07.01.2009 - 17:18
Taner “Neftçi”dən 700 min dollar istəyir
Bakının “Neftçi” klubunda baxışda olacaq Türkiyənin “Kocaelispor” komandasının hücumçusu Taner Güllərinin apasport.az saytına eksklüziv müsahibəsi

- Bildiyimizə görə, “Neftçi” sizinlə maraqlanır. Bu komandadan təklif almısınız?
- “Neftçi” klubunun rəsmiləri menecerimlə danışıqlar aparıb. Hazırda komandanızla əlaqə olmadığı üçün məsələnin nə yerdə olduğunu bilmirəm.

- “Neftçi”də oynamaq istərdinizmi?
- Təbii ki. Nədən olmasın?

- Baxışda olmaq, yoxsa birbaşa müqavilə bağlamaq fikrindəsiniz?
- Bu məsələ ilə menecerim məşğul olduğu üçün təfərrüatını bilmirəm.

- Meneceriniz kimdir?
- Hakan Şirin.

- “Neftçi”, ümumiyyətlə, Azərbaycan futbolu haqda hansı məlumatlarınız var?
- Müəyyən bilgim var. Həmyerlilərim Suat Usta ilə Əli Cansun “Neftçi”də çıxış etdiyindən, futbolunuza diqqətin böyük olmasından xəbərdaram. Hələlik komandanızla anlaşmamışam. Hər halda, “Neftçi”də oynamaq istəyim var və münasib şərtlər müqabilində bunu gerçəkləşdirməyə hazıram.

- “Kocaelispor”u tərk etmək istəyindəsiniz və yanvarın 22-də klubla müqavilənin müddətini başa çatmasını gözləyirsiniz...
- Doğrudur. Həmin vaxt klubla yollarımı ayıra bilərəm.

- Sizə borclu olduğu üçün bu komandadan getmək istəyirsiniz?
- Bəli. Problem pulla bağlıdır. “Kocaelispor”un uzun müddətdir mənə borcu var. Artıq xeyli müddətdir pulumu ala bilmədiyim üçün Türkiyə Futbol Federasiyasına müraciət etdik. Klub yanvarın 22-dək pulumu verərsə, qalacağam. Əks təqdirdə, “Kocaelispor”dan gedəcəyəm.

- Klubun sizə nə qədər borcu var?
- 300 milyard türk lirəsi. Bunu ABŞ dollarına çevirsək, 200 min edər. “Kocaelispor”dan bu qədər alacağım var.

- “Neftçi” sizi transfer etmək istəsə, “Kocaelispor” buna problem yaratmayacaq ki?
- Bu məsələ ilə menecerim məşğul olur. O, “Neftçi” ilə danışıqlar aparır. Menecerim mənə Azərbaycan oynamaq variantının olduğunu, “Neftçi” klubunun məni istədiyini dedi. Mən də cavabımda görüşüb, danışıqlar aparmağa hazır olduğumu bildirdim. Hər şey yaxşı olarsa, “Neftçi”yə gələrəm.

- Hər halda, az ödənişli futbolçu deyilsiniz. Yəqin ki, “Neftçi”yə transferinizin baş tutması üçün müqavilənin maliyyə şərtləri yüksək olacaq.
- Əslində, mən burada elə də böyük para almıram. Buna görə də Azərbaycana gəlməyim üçün mənə Türkiyədəkindən daha çox pul verilməlidir. Təbii ki, aldığım təklifin maddi tərəfi diqqətimi çəkərsə, karyeramı ölkənizə davam etdirməyim mümkündür.

- Azərbaycanda çıxış edən türkiyəli futbolçular təxminən yarım milyon dollar alırlar.
- Bir ilə 500 min dollar?

- Bəli. Bu məbləğ sizi qane edirmi?
- Mən burda həmin məbləğdən çox ala bilərəm.

- Nə qədər?
- 700 min dollar civarında. Gərək maddi baxımdan bir fərq olsun ki, Azərbaycana gəlim.

- “Əskişəhərspor” də daxil olmaqla, Türkiyənin bir sıra Superliqa klublarının sizinlə maraqlanması doğrudurmu?
- Bəli.

- Belə qənaətə gəlmək olarmı ki, Türkiyə və Azərbaycan arasında seçim qarşısında qalsanız, maddi amillərə görə “Neftçi”yə üstünlük verərsiniz?
- İndi qəti qərarımı verməmişəm. Hazırda “Kocaelispor”la bağlı problemin həllini gözləyirəm. “Neftçi”yə keçidimlə bağlı məsələyə 10-15 günə aydınlıq gələcək.

- “Neftçi”nin sabiq müdafiəçisi, Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov hazırda “Kocaelispor”un düşərgəsində yer alıb. Onun haqda nə deyə bilərsiniz?
- Rəşad hazırda bizimlə bir yerdə hazırlıq keçir. Yaxşı futbolçudur, məşqlərdə çox çalışır.

- Sadıqov bir neçə il Türkiyə Superliqasında “Kayserispor”un heyətində çıxış edib...
- Bilirəm. Onun oyununu xatırlayıram. Rəşad səviyyəli müdafiəçidir.

- “Kocaelispor”un onu transfer etməsi nə dərəcədə realdır?
- Bu mümkün variantdır. Sadıqov Türkiyə Superliqasında oynaya bilən futbolçudur. Hesab edirəm ki, “Kocaelispor” Rəşaddan faydalanacaq.
0