“Xəzər-Lənkəran” Antalyada salamat otel tapa bildi
09.01.2009 - 16:14
“Xəzər-Lənkəran” Antalyada salamat otel tapa bildi
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Xəzər-Lənkəran” klubu məskunlaşdığı oteli dəyişib. Apasport.az saytının məlumatına görə, ötən həftəsonu Sidenin “Xante Resort” otelində bir araya gələn Lənkəran təmsilçisi bu gün Belekdəki beş ulduzlu “Luxury Resort”a köçüb. Məkan dəyişikliyinə səbəb leysan yağışı nəticəsində “Xante Resort”in birinci mərtəbəsini su basması olub.

“Xəzər-Lənkəran”ın rəsmi İnternet saytının məlumatına əsasən, yeni məkan hər cəhətdən əvvəlkini üstələyir və Cənub klubu üçün yaxşı şərait yaradılıb. Maraqlıdır ki, Almaniyanın ən güclü komandalarından biri, son illərdə mütəmadi olaraq, Çempionlar Liqasının qrup mərhələsində yarışan “Verder” də məhz bu oteldə məskunlaşıb.

“Xəzər-Lənkəran”ın baş məşqçisi İqor Ponomaryov təlim-məşq toplanışının gedişi barədə bunları deyib: “Klubumuzun heyəti kifayət qədər güclüdür və bizim yalnız dəqiq seleksiyaya ehtiyacımız yarana bilər. Gücləndirilməyə ehtiyac duyulan xətləri müəyyənləşdirmək üçün komandanın bacarığına daha yaxından bələd olmalıyam. Düşünürəm ki, hazırlıq matçları bu istiqamətdə işimizi yüngülləşdirəcək. Futbolçuların oyun zamanı nəyə qadir olduğunu görmək və hansı problemlərin üzə çıxacağını öyrənmək istəyirəm. Yalnız bundan sonra düşərgəmizə yeni futbolçu dəvət ala bilər”.

Qeyd edək ki, hazırda Ponomaryovun sərəncamında yalnız Rahid Əmirquliyev yoxdur ki, bu da yarımmüdafiəçinin Antalyada olimpiya yığmamızın təlim-məşq toplanışında iştirak etməsi ilə bağlıdır.
0