Anatoli Ponomaryov İsveçin ikinci liqa klubunda
09.01.2009 - 16:42
Anatoli Ponomaryov İsveçin ikinci liqa klubunda
Azərbaycan milli komandasının yarımmüdafiəçisi Anatoli Ponomaryov İsveçin “Degerfors” klubuna qayıdıb. 27 yaşlı futbolçu apasport.az saytına açıqlamasında bildirib ki, ötən il şərəfini qoruduğu komandanın düşərgəsinə yenidən qayıtması müvəqqətidir.

Milli komandamızın Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirəcəyi təlim-məşq toplanışına dəvət alan Ponomaryov fiziki formasını saxlamağı vacib sayır. Elə buna görə də Anatoli ikinci liqaya düşən “Degerfors”un heyətində yer almağa razılaşıb: “Bu komandada çıxışımı davam etdirmək istəmirəm. Çünki “Degerfors” birinci liqada da yerini qoruya bilmədi. Sadəcə, komanda yeni mövsümə hazırlığa başlayıb və mən də orada məşq etməklə, formamı saxlayıram. Yunanıstan variantının üstündən artıq xətt çəkmişəm. İndi əsas diqqəti İsveçə yönəltmişəm. Bu ölkənin yüksək liqasının iki klubundan təklif almışam. İsveçin birinci liqasından isə bir klub mənimlə maraqlanır. Konkret ad açıqlamayacağam. Çünki keçid həll olmamış bunu etməyi lüzum görmürəm. Paytaxt Stokholm klubunda, evimə yaxın oynamaq istəyirəm”.

Atası İqor Ponomaryovun çalışdırdığı “Xəzər-Lənkəran”a keçmək variantının olmadığını deyən Anatoli tələsməyə ehtiyac görmür: “Onsuz da İsveçdə yeni mövsümə apreldə start veriləcək. Burada “transfer pəncərəsi” martın sonunda bağlanacaq. Göründüyü kimi, vaxtım kifayət qədərdir və buna görə də tələsmirəm. Əks təqdirdə, səhv edib, sonra bunun peşmançılığını çəkə bilərəm”.

Qeyd edək ki, transfer hüquqları İsveçin HAİS klubuna məxsus olan Ponomaryov “Degerfors”da icarə əsasında oynayır.
0