“Bakı” klubu “Bavariya”nın futbolçusunu alır - EKSKLÜZİV
09.01.2009 - 17:47
“Bakı” klubu “Bavariya”nın futbolçusunu alır - EKSKLÜZİV
“Bakı” klubu Almaniyanın “Bavariya” komandasının üzvü Jozef Nqvenjanı transfer edir. Bu haqda apasport.az saytına paytaxt klubunun vitse-prezidenti Tunc Afşar məlumat verib. Onun sözlərinə görə, 28 yaşlı zimbabveli futbolçunun keçidi çox realdır.

“Yurgen Klinsmann ötən ilin yayında “Bavariya”nın baş məşqçi postuna gələndən sonra Jozefi heyətə cəlb edib. Futbolçu karyerasını ABŞ-da bitirən, sonra da orada yaşamış Klinsmann zimbabvelini həmin vaxtdan tanıyır. Nqvenja karyerasının çox hissəsini ABŞ-da keçirib və hətta Devid Bekhemin oynadığı “Los Anceles Qalaksi” klubunda da forma geyinib” - deyə Afşar vurğulayıb.

Nqvenja ötən ilin yayında “Bavariya”nın hazırlığında iştirak etsə də, hücum xəttində rəqabət böyük olduğundan əsas heyətə düşə bilməyib. Bundan sonra Almaniyanın aşağı liqasında çıxış edən “Ausburq” klubuna baxışa yollanan Jozef son yarım ili “Antalyaspor”da keçirib.

Tunc Aşfar bu komandanın heyətində “Qalatasaray”a qol vurmağa da imkan tapan afrikalı hücumçunu “Bakı”ya gətirmək fikrindədir: “Bizə belə bir səviyyəli futbolçu lazımdır. Nqvenja da “Antalyaspor”dan ayrılmaq istəyir. Çünki maliyyə problemləri olan bu klubun zimbabveli futbolçuya borcu var. Bu amil Jozefin “Bakı”ya keçidini sürətləndirə bilər”.

Qeyd edək ki, Zimbabve milli komandasının şərəfini qoruyan Nqvenja 2010-cu il dünya çempionatının seçmə mərhələsində 5 oyunda meydana çıxıb. O, cari mövsümdə Türkiyə Superliqasında 11 oyun keçirib və yeganə qolunu “Qalatasaray”a vurmaqla, komandasına səfərdə xal qazandırıb - 1:1.
0