“Qalatasaray”lı Əmrə Aşık Azərbaycanda oynayacaq?
09.01.2009 - 19:41
“Qalatasaray”lı Əmrə Aşık Azərbaycanda oynayacaq?
Türkiyə milli komandasının və “Qalatasaray”ın müdafiəçisi Əmrə Aşık “Bakı” klubunun maraq dairəsindədir. “Bakı”nın türkiyəli vitse-prezidenti Tunc Afşarın apasport.az saytına verdiyi məlumata görə, 36 yaşlı müdafiəçinin adı transfer siyahısında yer alıb.

Hazırda Türkiyədə olan Afşar bildirib ki, Əmrə onlara təklif edilib: “Biz Əmrənin transferini gələn mövsüm üçün nəzərdə tutmuşuq. Bununla bağlı danışığımız olub. İndi müdafiə xəttində ciddi problemimiz yoxdur və infrastrukturla bağlı bir sıra məsələləri həll etdikdən sonra Türkiyənin ulduz futbolçularını almaq planımıza daxildir. Həm də nəzərə almaq lazımdır ki, Əmrənin yaşı çox olduğundan onun karyerasını Azərbaycanda davam etdirməsi mümkündür”.

“Bakı”nın vitse-prezidenti transferi gündəmdə olan digər türkiyəli futbolçu, “Fənərbaxça”lı Tümər Mətinin məsələsinə də toxunub. Afşar bildirib ki, icarəyə götürmək istədikləri təcrübəli oyunçu və onun agenti “Bakı”dan cavab gözləyir: “Sadəcə, müəyyən məsələlər var ki, onu müzakirə etməliyik. Georgi Adamiyanın “Bakı”ya transferindən sonra Tümərin keçidinə problem yarana bilər. Bu futbolçular eyni mövqedə çıxış etdiklərindən hər ikisinin transferinin baş tutması çətindir. Hər halda, həftəsonu Bakıya qayıdandan sonra bütün bunları rəhbərlik və baş məşqçi Qyoko Hacievski ilə müzakirə edəcəyəm”.

Əmrə Aşıkın meneceri Günal Akça da apasport.az saytına eksklüziv açıqlamasında futbolçunun “Bakı”ya keçidini mümkün sayıb: “Tunc Afşarla görüşümüz olub. Adlarını çəkmək istəmədiyim bir sıra futbolçular var ki, onların transferi ilə bağlı söhbət aparmışıq. Ancaq əsas danışıqlar maydan sonra olacaq. Həmin vaxt yeni mövsüm üçün transfer çalışmalarına başlanılacaq. Əmrə Aşık hazırda bütün diqqətini “Qalatasaray”a yönəldib. Cari çempionat başa çatdıqdan sonra Əmrənin gələcək taleyini ilə bağlı müzakirələr olacaq. Həmin vaxt daha dolğun məlumat verə bilərəm. Onun İspaniya ilə yanaşı, Azərbaycanda oynamaq variantı var. Ölkənizə belə tanınan futbolçuların gəlişində infrastrukturla bağlı məsələlərin həlli vacibdir”.

Qeyd edək ki, Aşık Türkiyənin dörd böyük klubundan 3-nün - “Qalatasaray”, “Fənərbaxça” və “Beşiktaş”ın formasını geyinib. Ölkə çempionluğunu qazanan müdafiəçi “Qalatasaray”la, həmçinin UEFA Superkubokunu (2000-ci il) qazanıb. Türkiyə milli komandasında da uğur qazanan Əmrə 2002-ci ildə dünya, ötən il isə Avropa çempionatının bürünc mükafatına yiyələnib. O, 1995-ci ildən indiyədək yığmada 31 oyunda 2 qol vurub.
0