Gede futbolçuları “Neftçi”dən nəyə görə qovduğunun səbəbini açıqladı
09.01.2009 - 21:06
Gede futbolçuları “Neftçi”dən nəyə görə qovduğunun səbəbini açıqladı
“Azərbaycanda çalışmaq mənim üçün böyük şərəfdir. Burada futbolun inkişafında çox maraqlıdırlar. Bakıda vəziyyətlə tanış olduqdan, klub rəhbərliyi ilə danışdıqdan sonra “Neftçi”də işləməyə qərar verdim”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi” klubunun baş məşqçisi Hans-Yurgen Gede UEFA-nın saytına müsahibəsində deyib.

Klubun hazırkı vəziyyətinə toxunan baş məşqçi komandanın yenidən formalaşdırdığını söyləyib. “Bu gün “Neftçi”nin Azərbaycan Premyer Liqasında liderlərdən uzaqda olması bizi qane etmir. Hesab edirəm ki, uğursuzluğun səbəbi aydındır. Elə vəziyyət yaranmışdı ki, biz heyəti yenidən qurmağa məcbur olduq. Heyətdə cavanlaşma prosesi gedir. Gənc futbolçular böyük potensiala malikdirlər”.

Gede bəzi aparıcı futbolçuların komandadan kənarlaşdırılmasına da aydınlıq gətirib. Almaniyalı mütəxəssis deyib ki, bu futbolçular uzun müddət “Neftçi”nin şərəfini qoruyublar və belə futbolçuların olmasına baxmayaraq, komanda artıq neçə ildir ki, çempionluğu qazana bilmir: “Komanda öz potensialından olduqca aşağı çıxış edir və buna görə də biz onlarla vidalaşmağı qərara aldıq. Bununla da gənc futbolçuların özünü göstərmələri üçün şərait yaradılmış oldu”.

Mənbə: (AzərTAc).
0