Emin Babayev: “Standard” Gəncəyə köçsə, oyunlarımıza minlərlə azarkeş gələr
11.01.2009 - 18:10
Emin Babayev: “Standard” Gəncəyə köçsə, oyunlarımıza minlərlə azarkeş gələr
“Standard” klubunun növbəti mövsümdən əyalətlərdən birini təmsil edəcəyi istisna deyil. Bu barədə apasport.az saytına açıqlamasında komandanın prezidenti Emin Babayev məlumat verib. Onun sözlərinə görə, rəhbərlik etdiyi kollektivin Bakıdan kənara çıxmaq planı var: “Hazırda bir neçə variant var ki, onların üzərində düşünürük. Gəncə və Sumqayıt futbolsuz qalıb. Hər ikisi futbol şəhəridir, hazır stadionları da var. Avqustda planlaşdırdıq ki, yaxınlıqdakı qəsəbələrin birinə köçək. Lahiyə hazırladıq, smeta tutduq, hətta maliyyə də ayırdıq. Gec-tez bunu etməliyik. Çünki Bakı üçün 8 komanda həddən artıq çoxdur”.

Azərbaycan çempionu “İnter”in oyunlarında 100-dən artıq azarkeş olmadığını bildirən Babayevin fikrincə, əgər Beynəlxalq Bankın maliyyələşdirdiyi komanda azarkeş yoxluğu ilə üzləşibsə, onda “Standard”ın vəziyyəti başa düşülməlidir: “Demək olar ki, bütün görüşlərimizi səfərdə keçirmişik. “Şəfa”da “Хəzər-Lənkəran”ı qəbul edirik, Lənkərandan minlərlə fanat gəlib. Bu halda üstünlük rəqib komandaya keçir. Axı futbol azarkeşlər üçündür. Gəncədə 300 mindən artıq adam yaşayır, çoxdandır komandaları yoxdur. Təsəvvür edirsiniz də, klubumuz ora köçsə, nə ajiotaj olar! Bakıda isə oyunlara 300 azarkeş toplamaq olmur. Amma Gəncədə hər bir görüşə minlərlə adam gələr”.
0