Ramal Hüseynov: Pul yoxdursa, kimdir Türkiyədə oynayan?
14.01.2009 - 17:03
Ramal Hüseynov: Pul yoxdursa, kimdir Türkiyədə oynayan?
“Kocaelispor”un heyətində bu gün keçirilən yoxlama görüşündə meydana çıxmamağım bəyənilməməyimlə bağlı deyil. Sadəcə, burada keçirilən turnirin qaydasına əsasən, lisenziyası olmayan iki futbolçunun çıxışına icazə verilir. “Kocaelispor” da yeni gələn iki qara dərili futbolçunu sınaqdan keçirməyi qərara alıb”.

Bunu apasport.az saytına açıqlamasında Türkiyənin “Kocaelispor” klubunda baxışda olan həmyerlimiz Ramal Hüseynov deyib. “Bakı”nın yarım illiyə icarəyə vermək istədiyi 25 yaşlı yarımmüdafiəçi karyerasını Superliqada davam etdirmək arzusundadır: “Mən haqda fikirləri yaxşıdır. Sadəcə, hələ müqavilə ilə bağlı danışıq olmayıb. “Kocaelispor”un prezidenti hazırda burada deyil. Komandaya yeni baş məşqçi də təyin etməyiblər. Biz də Rəşadla birgə hələ gözləyirik. Görək, axırı necə olacaq. “Kocaelispor”da maliyyə problemləri mövcuddur. Ancaq bu problem Türkiyənin 4-5 klubunu çıxmaq şərti ilə qalanlarında da var. Aşağı divizion təmsilçilərində maliyyə baxımdan vəziyyət lap pisdir. Pul yoxdursa, kimdir Türkiyədə oynayan? Qismətimizdə nə varsa, o da olacaq. “Kocaelispor” həftəsonuna qədər burada təlim-məşq toplanışında olacaq. Yəqin ki, həmin vaxta qədər məsələmizə aydınlıq gələcək”.

Qeyd edək ki, Ramal “Kocaelispor”a qədər Türkiyənin birinci liqasında çıxış edən “Girəsunspor” və “Adanaspor” ilə maliyyə məsələlərində razılığa gəlməyib.
0