“Bakı” “Fənərbaxça”nın sabiq futbolçusu Ceyhun Ərişlə maraqlanır
14.01.2009 - 17:54
“Bakı” “Fənərbaxça”nın sabiq futbolçusu Ceyhun Ərişlə maraqlanır
Türkiyənin daha bir tanınan futbolçusu “Bakı” klubunun transfer siyahısında yer alıb. Bu barədə apasport.az saytıma məlumat verən komandanın vitse-prezidenti Tunc Afşar bildirib ki, “Fənərbaxça”da çıxışı ilə tanınan Ceyhun Ərişlə danışıqlar aparmaq fikrindədir. O, Türkiyəyə toplanışa yollanan zaman 32 yaşlı yarımmüdafiəçinin transferini reallaşdırmağa çalışacaq: “Ceyhunla dostam. Onunla “Göztəpə” klubundan yaxşı münasibətlərimiz yaranıb. Həmin vaxt Əriş rəhbərliyində yer aldığım bu komandanın futbolçusu idi. “Bakı”ya orta sahə oyunçusu lazımdır. Tümər Mətin də Ceyhun kimi bu mövqedə çıxış edir. Tümərin transferi ilə bağlı son sözü klubumuzun prezidenti Hafiz Məmmədov deyəcək. Onun Azərbaycana qayıdışını gözləyirik. Əriş Cənubi Koreyanın “Seul” klubu ilə yollarını ayıraraq, geri qayıdır. Hazırda özünə yeni klub axtaran Ceyhunla ciddi maraqlanırıq. Onu transfer etməyimiz mümkündür”.

Qeyd edək ki, karyerasına “Qalatasaray”da başlayan Ceyhun bu komandada cəmi 3 oyun keçirib. 1995-99-cu illərdə bu kluba məxsus olan futbolçu Fatih Terimin baş məşqçi postuna gəlişi ilə əvvəlcə “Çaykur Rizəspor” (1996-97, 22 oyun, 3 qol), daha sonra “Göztəpə”yə (1998-99, 57 oyun, 17 qol) icarəyə verilib. Sonuncularda göstərdiyi oyunla “Siirt JETPAspor”a (1999-2001, 60 oyun, 27 qol) transfer olunan Əriş “Fənərbaxça”ya (2001-03, 42 oyun, 8 qol) bu klubdan keçib. O, alman mütəxəssis Kristof Daumun “Fənər”in sükanı arxasına gəlişindən sonra özünə yeni komanda axtarmalı olur. Türkiyənin dörd böyük klubundan üçündə çıxış edən yarımmüdafiəçi, həmçinin “Trabzonspor”un (2007-2008, 31 oyun, 7 qol) şərəfini qoruyub. Ceyhun “Ankaragücü” (2003-2004, 2006-2007, 29 oyun, 4 qol), “Gənclərbirliyi” (2004-2005, 3 oyun), “Konyaspor” (2005-06, 2008, 36 oyun, 6 qol) və “Samsunspor” (2006, 15 oyun, 3 qol) klublarında da forma geyib. O, Türkiyə milli komandasına 2002-ci ildə dünya çempionatının bürünc medal qazandıran Şenol Günəşin dəvəti ilə Cənubi Koreyaya yollanır. “Seul”un baş məşqçisi olan Günəş yığmadan yaxşı tanıdığı Ərişi hazırkı komandasına bir il öncə dəvət edib. Ceyhun yığmada keçirdiyi 3 oyunda 3 qol vurub.
0