“Neftçi”ni aldadan məşqçi komandadan qovuldu
15.01.2009 - 00:12
“Neftçi”ni aldadan məşqçi komandadan qovuldu
Antalyada təlim-məşq toplanışında Bakının “Neftçi” klubunu yoxlama matçında darmadağın (5:1) edən Hollandiyanın “Feyenoord” komandası baş məşqçisiz qalıb. Apasport.az saytının məlumatına görə, Rotterdam təmsilçisinin rəhbərliyi Qert Verbakı istefaya göndərib. Buna səbəb kimi, komandanın cari mövsümdə uğursuz çıxış etməsi göstərilir.

UEFA kubokunda mübarizəni qrup mərhələsində dayandıran “Feyenoord” ölkə çempionatında da uğursuz çıxış edir. Klub rəhbərliyinin işindən narazı qaldığı Verbakın gedişində əsas səbəb kimi, həm də komandanın liderləri ilə münaqişənin yetişməsi göstərilir. Belə ki, baş məşqçi “Neftçi”yə qol vuran məşhur holland hücumçu Roy Makayla da yola getmirmiş və buna görə istefa məntiqə uyğun sayılır.

Verbakla bağlı digər xoşagəlməz məqam isə onun “Neftçi”ni aldatmasıdır. Məsələ ondadır ki, “Neftçi” dövrlərarası fasilə müddətində ilk yoxlama oyununda nisbətən zəif rəqiblə qüvvəsini sınamaq istəyirdi və “Feyenoord”un çalışdırıcısı da komandamıza qarşı ikinci heyəti meydana buraxacağına söz veribmiş. Ancaq vədinə əməl etməyən Verbak əsas futbolçulara şans verməklə, “Neftçi”ni darmadağın edib.

Qeyd edək ki, “Feyenoord”un yeni baş məşqçinin adı hələ məlum deyil.

0