Apasport.az saytının əməkdaşı İFFHS-in sorğusunda fərqləndi
15.01.2009 - 11:46
Apasport.az saytının əməkdaşı İFFHS-in sorğusunda fərqləndi
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü klub məşqçilərinin siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, qurumun keçirdiyi sorğuda İngiltərənin “Mançester Yunayted” klubunun çalışdırıcısı Aleks Ferqyusson 2008-ci ilin ən yaxşısı seçilib. Komandasına ölkə çempionluğu, UEFA Çempionlar Liqası və Klublararası dünya çempionatında qələbə qazandıran şotlandiyalı mütəxəssis İFFHS-in ölkələrdəki təmsilçiləri arasında keçirilən sorğuda 264 xal toplayıb.

Avropanın digər klub turnirində qələbə qazanan Rusiya “Zenit”inin baş məşqçisi Dik Advokat daxili arenadakı uğursuzluğa baxmayaraq, siyahıda ikinci olub. Holland çalışdırıcı 144 xal toplayıb. Üçüncü yeri argentinalı Edqardo Bauza tutub. Ekvadorun LDU komandası ilə Libertadores kubokunu qazanması sorğuda ona 64 xal gətirib.

Ümumilikdə, respondentlər 25 mütəxəssisə səs verib ki, onlar arasında Mircəlal Qasımov da yer alıb. Fevralın 1-də keçiriləcək yoxlama oyununda Azərbaycan milli komandası ilə görüşəcək Özbəkistan yığmasının çalışdırıcısı ötən il “Bunedkor” klubuna uğurla rəhbərlik etməsinin bəhrəsini görüb. İFFHS-in sorğusunda 6 xal toplayan Qasımov “Fiorentina”nın baş məşqçisi Klaudio Sezar Prandelli ilə 22-ci yeri bölüşür.

Ferqyusson 1996-cı ildən keçirilən sorğuda ikinci dəfə qalib gəlir. Təcrübəli mütəxəssis “Mançester Yunayted”in Çempionlar Liqasını qazandığı 1999-cu ildə də dünyanın ən yaxşı məşqçisi seçilmişdi.

Qeyd edək ki, İFFHS-in bütün sorğularında Azərbaycanı apasport.az saytının əməkdaşı Vüqar Xeyrullayev təmsil edir. İFFHS 2008-ci ilin ən yaxşı pleymeyker (Xavi), ən yaxşı yığma məşqçisi (Luis Araqones), ən yaxşı klub məşqçisi (Aleks Ferqyusson), ən yaxşı qapıçı (İker Kasilyas), ən yaxşı hakim (Roberto Rozetti) müəyyənləşdirərkən, o, qalibləri düzgün müəyyənləşdirib.
0