Norveçdə Azərbaycan yığmasının sabiq baş məşqçisini bəyənmədilər
15.01.2009 - 12:03
Norveçdə Azərbaycan yığmasının sabiq baş məşqçisini bəyənmədilər
Norveçlilər Azərbaycan milli komandasının sabiq baş məşqçisi Karlos Alberto Torresi bəyənməyib. Apasport.az saytının məlumatına görə, 65 yaşlı braziliyalı mütəxəssisin bu ölkənin yığmasının baş məşqçi postuna gəlişi reallaşmayıb. Skandinaviyalılarla danışıqlar nəticəsində razılığını verən Torres cavab gözləyirdi. Ancaq norveçlilər seçimdə dünya çempionuna yox, onlara yaxşı tanış olan öz məşqçiləri – Eqil Olsenə üstünlük veriblər.

Norveç millisini 1990 və 1994-cü illərdə dünya çempionatının final mərhələsinə çıxaran 66 yaşlı mütəxəssis ən azı yaya qədər baş məşqçi vəzifəsini icra edəcək. Bununla da, Olsen ikinci dəfə eyni ssenari ilə yığmaya qayıdıb: “1990-cı ildə də mənə baş məşqçi vəzifəsinin icrası tapşırıldı. Ancaq uğurlu iş sayəsində millinin sükanı arxasında 8 il qaldım. Bu dəfə də daimi əsasda işləmək istəyirəm”.

“Uimbldon”, “Volerenqa”, “Fredrikstad” klublarında çalışmış Olsen ötən ili İraq milli komandasının baş məşqçi postunda keçirib. Yaxın vaxtlarda üç yoldaşlıq görüşünü keçirəcək Norveç ilk olaraq fevralın 11-də milli komandamızın cari seçmə mərhələdə rəqiblərindən olan Almaniya ilə qarşılaşacaq.

Qeyd edək ki, 9-cu qrupda yer alan norveçlilər keçirdiyi üç oyundan sonra topladığı iki xalla qrupda sonuncu yeri tutub.
0