“Azərbaycan çempionu mənim üçün hələ qaranlıq qalıb”
15.01.2009 - 12:54
“Azərbaycan çempionu mənim üçün hələ qaranlıq qalıb”
“Birlik kuboku”nda çətin qrupa düşməyimiz əladır. Ciddi və güclü komandalarla görüşmək məni qane edir”. Apasport.az saytının məlumatına görə, bunu Bakının “İnter” klubunun “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirində rəqibi olan Latviyanın “Ventspils” komandasının baş məşqçisi Roman Qriqorçuk deyib.

Moskvadakı yarış öncəsi Litvadakı təlim-məşq toplanışından razı qalan ukraynalı mütəxəssis komandasını turnirə tam hazır sayır: “Hazırlıq prosesi zamanı “Birlik kuboku” üçün xüsusi nəyinsə üzərində çalışmamışıq. Unutmaq lazım deyil ki, bu turnir Latviya çempionatına hazırlığın bir mərhələsidir. Ölkə çempionatımızın erkən başlanmasını nəzərə alsaq, “Birlik kuboku”nun oyunları “Ventspils” üçün yerinə düşür. Təbii ki, turnirdə daha yaxşı çıxış etmək istəyirik”.

Moskvadakı turnirdə Azərbaycan və Latviya çempionlarının görüşü qrupda son tur çərçivəsində olması ¼ finala vəsiqə baxımdan vacib sayılır. Ancaq Qriqorçuk məhz Bakı klubu ilə oyunun həlledici olacağını deməkdə çətinlik çəkib: “Axı “Ventspils” də kifayət qədər dəyişilib. Rəqiblərimiz isə hələ də bizə qaranlıq qalır. Moskvada informasiya baxımdan vəziyyəti mütləq yoluna qoyacağıq. Onu deyə bilərəm ki, biz hər oyuna qələbə qazanmaq üçün çıxacağıq və Moskvada vaxtımızı səmərəli keçirmək fikrindəyik. Komandamı “Birlik kuboku”nun favoritlərindən biri kimi göstərməyəcəyəm. Bu, düzgün çıxmaz. Ancaq bunu başqasından soruşsanız, cavab mənim üçün maraqlı olar”.
Qeyd edək ki, komandamız “Ventspils”lə yanvarın 19-da görüşəcək.
0