Akinfeyev: Azərbaycan yığmasına yuxarıdan aşağı baxmaq olmaz!
15.01.2009 - 13:23
Akinfeyev: Azərbaycan yığmasına yuxarıdan aşağı baxmaq olmaz!
Rusiya milli komandasının qapıçısı İqor Akinfeyev növbəti rəsmi oyunu keçirəcəkləri Azərbaycan yığmasından çəkinir. Apasport.az saytının məlumatına görə, Moskva MOİK-də çıxış edən 23 yaşlı futbolçu cari seçmə mərhələdə qrupda autsayder kimi qələmə verilən Azərbaycan, Lixtenşteyn yığmalarına yuxarıdan aşağı baxmağı düzgün saymır.

Onun sözlərinə görə, hətta milli komandamızın da gələn il Cənubi Afrika Respublikasında keçirilən dünya çempionatının final mərhələsinə yollanmaq şansı var: “Əgər turnir cədvəlini nəzərdən keçirsək, hamının dünya çempionatının yollanmaq şansının olduğuna əmin olarıq. Bunun üçün qalan oyunlarda qələbə qazanmaq lazımdır. Düzdür, bu, mənim üçün real görünmür. Ancaq demək istəyirəm ki, istənilən komanda məqsədinə çatmaq üçün nəzəri şansı qalıbsa, sonadək mübarizə aparmalıdır. Milli komandamız xal itirməyəcəyi halda, vəzifəni yerinə yetirəcək. Məhz buna da can atmaq lazımdır”.

Akinfeyev oktyabrda Almaniya yığması ilə Moskvada keçiriləcək görüşü dünya çempionatının final mərhələsinə çıxmaq baxımından həlledici saymır. Onun fikrincə, hər bir oyun önəmlidir: “Əminəm ki, qrupumuzda mübarizə son tura qədər davam edəcək. Autsayder göstərilən komandalar da xüsusilə evdə mübarizəsiz heç kimə güzəştə getməyəcək. Biz belə komandaları çox çətinliklə yenmişik. Autsayder sayılanlar bütün gücü ilə mübarizə aparır. Onlar bütün heyətlə öz qapılarına doğru geri çəkiləcək. İndi görüm necə qol vurursan”.

Qeyd edək ki, milli komandamız martın 28-də Moskvada Rusiyanın qonağı olacaq. Ruslar cari seçmə mərhələdə son oyununu oktyabrın 14-də səfərdə yığmamıza qarşı keçirəcək.
0