“Bakı” Georgi Adamiyanı Türkiyəyə aparmadı
15.01.2009 - 14:50
“Bakı” Georgi Adamiyanı Türkiyəyə aparmadı
“Bakı” bu gün Türkiyənin Antalya şəhərinə təlim-məşq toplanışına yollanıb. Klubun vitse-prezidenti Zeynal Məmmədovun apasport.az saytına açıqlamasında transfer etmək istədikləri Georgi Adamiyanın səfərə çıxmadığını bildirib. Onun sözlərinə görə, Bakıda qalan 28 yaşlı gürcü hücumçunun məsələsi açıq qaldığı üçün ona əvvəldən bilet alınmayıb: “Biz məsələnin yekunlaşmasını gözləyirdik. Ümid edirdik ki, Antalyaya yollananadək Adamiyanın da transferini yekunlaşdırıb, onu da aparacağıq. Georgi məxsus olduğu “Neftçi” ilə problemini həll etməlidir. Bu isə hələ qalıb. Hər halda, biz onun Bakıda boş qalmaqdansa, Antalyada düşərgəmizdə hazırlıq keçməsini daha məqsədəuyğun sayırıq. Elə bu səbəbdən futbolçuya bileti almışıq və bu gün axşam saatlarında Türkiyəyə gedəcək”.

Adamiyanın “Neftçi” ilə cari mövsümün sonuna qədər müqaviləsinin olması “Bakı”ya sərbəst keçidinə imkan vermir. Paytaxtın eyniadlı təmsilçisi də tələb olunan 180 min dollar kompensasiyanı onlar üçün böyük məbləğ olduğu üçün ödəməyəcəklərini Georginin diqqətinə çatdırıb: “İki-üç günə mən də Antalyaya yollanıb, “Neftçi” ilə Adamiya barədə danışacağam. Ancaq bu problem futbolçu ilə klub rəhbərliyi arasında olduğundan, onlar öz aralarında bunu həll etməlidir. Georgi məsələni sakitcə həll etmək istəyir. Yəni, harasa şikayət etməkdə maraqlı olmayan gürcü futbolçu deyiləndən az məbləği vermək fikrindədir. Adamiyanın ilk dövrədə “Neftçi”nin sıralarında olduğunu nəzərə alsaq, belə çıxır ki, kompensasiyanın yarısını ödəməyə razıdır”.
0