“Neftçi” problem yaratmasa, Rəşad Sadıqov “Kocaelispor”da oynayacaq!
15.01.2009 - 16:08
“Neftçi” problem yaratmasa, Rəşad Sadıqov “Kocaelispor”da oynayacaq!
“Düşərgəmizdə yer alan azərbaycanlı futbolçuları transfer etməkdə maraqlıyıq. Həm Rəşad Sadıqov, həm də Ramal Hüseynovu bəyənmişik”. Bunu apasport.az saytına açıqlamasında Türkiyənin “Kocaelispor” klubunun icraçı-direktoru Nəciməddin Çelikhan deyib.

Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovu baxışdan keçirməyə ehtiyac görməyən Çelikhan fikrini belə əsaslandırıb: “Biz onu baxışdan keçirməyə yox, müqavilə bağlamağa dəvət etmişik. Neçə illərdir tanıdığımızdan, onu sınamağa lüzum görmürük. Rəşadla müqavilə bağlayacağıq. Özü də bunu imkan daxilində tez etmək istəyirik”.

Sadıqovun “Neftçi” ilə müqaviləsinin olması onun “Kocaelispor”la anlaşmasına problem yaradır. Bundan xəbərdar olan Çelikhan güzəşt ediləcəyinə inanır. İcraçı-direktor Antalyada təlim-məşq toplanışında klubumuzun rəhbərliyi ilə görüşmək fikrində olduqlarını söyləyib: “Biz Rəşadın transferi ilə bağlı “Neftçi”yə etdiyimiz rəsmi müraciətə cavab gözləyirik. Türkiyədə “Fənərbaxça”nı çıxmaq şərti ilə digər klubların maliyyə problemi var. Hazırda dünyada maliyyə böhranı olduğu halda, artıq xərcə düşə bilmərik. Buna görə də “Neftçi”yə kompensasiya ödəmək fikrimiz yoxdur. Yəni, onu kompensasiya ödəmədən transfer etmək istəyirik. Fürsətdən istifadə edib, azərbaycanlı jurnalistlərə də müraciət edib, bu məsələnin həllində yardımçı olmağınızı xahiş edirəm. Siz də Rəşada güzəştə edilməsi üçün əməyinizi əsirgəməyin”.

Ramalın məsələsinə də toxunan Çelikhan onu sınadıqdan sonra qərar veriləcəyini vurğulayıb: “Hüseynov ilk baxışdan çox yaxşı təsir bağışlayıb. Məşqlərdə özünü ən yaxşı tərəfdən göstərib. Ramal cəld, sürətli, texnikalı, mübariz oyunçudur. Mən anlamıram ki, belə futbolçunu Azərbaycanda niyə oynatmırlar? Hüseynovu bir hazırlıq matçında sınadıqdan sonra məşqçilərlə məsləhətləşib, son qərarımızı verəcəyik. Şərtlər münasib olsa, Ramalla müqavilə bağlayacağıq”.

Qeyd edək ki, ötən mövsüm Rəşadla birgə “Neftçi”də çıxış edən Ramal müqavilə ilə “Bakı”ya məxsusdur. Bakının eyni adlı klubu onun cari mövsümün sonuna qədər təmənnasız icarəyə verməyə hazırdır.
0