Rüştü: Komadan çıxanda Rasim Karanı başımın üstündə gördüm
15.01.2009 - 16:46
Rüştü: Komadan çıxanda Rasim Karanı başımın üstündə gördüm
Türkiyə yığmasının və “Beşiktaş” klubunun qapıçısı Rüstü Rəcbər karyerası ərzində bir dəfə ağladığını etiraf edib. Apasport.az saytının məlumatına görə, Türkiyə mətbuatına müsahibə verən təcrübəli qapıçı onu ağladan oyunu xatırlayıb. Belə ki, iki il əvvəl Superliqanın son turunda “Dənizlispor”la keçirilən qarşılaşmadan sonra Rüştü göz yaşlarını saxlaya bilməyib. Çempionluğu əldən verən “Fənərbaxça”nın qapıçısı birinci və sonuncu dəfə oyunun nəticəsinə ağlayıb.

Qapıçının futbolda olduğu kimi, həyatda da ağır günü olub. Həmin vaxt onun yanına ilk gələnlərdən biri “Xəzər-Lənkəran”ın sabiq baş məşqçisi Rasim Kara olub: “1993-cü ildə düşdüyüm qəzanı xatırlamaq belə istəmirəm. Komanda yoldaşım Ləvənti həmin qəzada itirdik. Mən isə ciddi xəsarət alaraq, komaya düşmüşdüm. Ayılıb gözümü açanda başımın üstündə Fatih Terimlə Rasim Karanı gördüm. Onlar qəza haqda eşidən kimi, məni ziyarət etməyə tələsmişdilər”.

Rüştü təsadüf nəticəsində qapıçı olduğunu da gizlətməyib: “Antalya Korkutelispor”un gənclərdən ibarət komandasında oynayırdım. Əsas komandanın qapıçısının hərbi xidmətə yollanmasından sonra baş məşqçi məni əsas komandaya dəvət etdi. Hündürboy olmağımı deyən Dursun Karasucu məndən əsas komandada qapıçı olmaq istəyimi soruşdu və razılaşdım”.
0